Erməni müharibə veteranı isə Azərbaycanın hərbi qüdrətini etiraf edir: “Biz indi rəqibimizin gücünü hiss edirik…”
Blokada şəraitində olan işğalçı Ermənistanda sosial-iqtisadi durum ötən ilin sonlarından daha da ağırlaşmağa başlayıb. Qonşu ölkənin iqtisadi cəhətdən Rusiyadan birbaşa asılı olması, sonuncunun isə maliyyə-iqtisadi göstəricilərinin xeyli pisləşməsi, o sırada rublun dəyərdən düşməsi ermənilərin güzəranından da yan keçməyib.
Məlumatlara görə, yaxşı dolanışıq üçün Rusiyaya üz tutanlar da indi ciddi problemlərə tuş gəliblər. Erməni mətbuatının yazdığına görə, onlar cəmi bir neçə ay öncəkindən üç dəfə pis durumdadırlar. Ermənistanın özündə isə milli valyuta olan daram dəyərdən düşməkdə, ərzaq məhsulları isə bahalaşmaqdadır. Nəticədə “əzabkeş xalq” daha əzablı duruma yuvarlanmaqda, ölkədən emiqrasiya sürətlənməkdədir.
Təbii ki, neqativ proseslər orduya çağırışçı məsələsində də özünü göstərməkdədir. Gələn xəbərlərə görə, bu sahədə ciddi problemlər yaşanmaqdadır – rəsmilər problemi israrla gizlətməyə çalışsalar da. Vəziyyəti daha da ağırlaşdıran ölkədə doğum faizinin ildən-ilə aşağı düşməsi və imkanlı adamların, məmurların öz övladlarını ordudan yayındırmasıdır. Nəhayət, münaqişə zonasında son aylar yaşanan məlum olaylar, erməni tərəfinin ciddi itkilər verməsi də çağırışçı probleminə neqativ təsirini göstərməkdədir.
“İndi Ermənistanda cəmi 1,5 milyon adam qalıb”. Bu barədə İsveçrə erməniləri birliyinin sədri Sarkis Şainyan bildirib (anspress). Onun sözlərinə görə, əhalinin ölkəni tərk etməsində əsas səbəblərdən biri övladlarını ordudan uzaqlaşdırmaqdır. “Biz hər şeyə gedirik ki, övladlarımız orduda xidmət etməsin. Biz cəmi 1,5 milyon qalmışıq. Gedin, yoxlayın, nazirlərdən, oliqarxlardan hansının öz uşağı, qohumlarının və dostlarının uşağı əsgərlikdə xidmət edib? Bizdə vəziyyət çox pisdir”, – deyə Şainyan vurğulayıb.
Şainyanın fikrincə, ermənilərin ölkələrini tərk etməsində mövcud hakimiyyətin qurduğu diktatura rejimi də rol oynayır: “Bu gün biz qula çevrilmişik, həm əqli, həm də fiziki cəhətdən. Əgər insan öz ölkəsini tərk edirsə, deməli, qul kimi yaşamaq istəmir, gerçəklik budur”.
Erməni müharibə veteranı isə bu arada Azərbaycanın hərbi gücündən danışıb. Ehtiyatda olan mayor, müharibə veteranı Pavel Manukyan rəsmi İrəvanın apardığı siyasətin yanlış olduğunu, Azərbaycan ordusunun qüdrətləndiyini dolayısı ilə etiraf edərək deyib: “Bunları mütləq bilmək və demək lazımdır. Biz indi rəqibimizin gücünü hiss edirik, təhlükəsizliyini necə möhkəmləndirdiyini görürük. Təxribatlarla, məqsədsiz cəhdlərlə nə etmək olar ki?! Bəli, biz müharibəni gözləməliyik, amma bu, çox təhlükəlidir. Çünki bizim əsgərimiz öz liderinin səhvini görür, o, ruhi cəhətdən anlaşılmaz vəziyyətə düşür. Müharibə mümkündür. O deməlidir ki, bu, müharibəni Ermənistan dəqiq udacaqmı, Azərbaycan dəqiq uduzacaqmı. Bizim müttəfiqimiz olan Rusiya Azərbaycanı çox yaxşı silahlandırdı, nə lazımdırsa, onunla təmin etdi”. P.Manukyan öz hakimiyyətlərinə məsləhət görüb ki, könüllülərdən ibarət olan Ermənistan ordusuna güvənsin.
Görünür, erməni zabit hələ qəflət yuxusundan ayılmayıb. Zaman dəyişib, iqtisadi-siyasi reallıqlar göz önündədir. Sadəcə, “müharibə veteranı”, bu “qəhrəman” anlamalıdır ki, kimlərinsə kölgəsinə girib şücaətlənmək dövrü keçib, müvəqqəti qələbənin əbədi məğlubiyyətə çevrilmə ehtimalı daha çoxdur.