Ermənistanın hakim Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Viqen Xaçatryan aprelin 14-də qanunverici orqanın iclasında çıxış edib. Erməni deputat bildirib ki, illər ötüb və bu gün demək olar ki, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmayacağı ideyası doğru deyil:
“Hələ 1996-cı ildə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan bizim üçün bir xalqın başqa xalqa zorla tabe etdirilməsinin yolverilməzliyi ideyasını irəli sürümüşdü. Başqa sözlə, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmadığı deyilirdi. İİllər ötüb və bu gün demək olar ki, mənim fikrimcə, bu, düzgün ideya deyil”.
Erməni deputatın çıxışı rəsmi İrəvanın gün keçdikcə mövcud reallıqları dərk etdiyindən xəbər verir. Son zamanlar baş nazir Nikol Paşinyanın da Azərbaycana yönəlik müsbət açıqlamalar verdiyinin şahidi oluruq. Maraqlıdır, erməni siyasətçilərinin belə yanaşması rusyönümlü “Qarabağ klanı” tərəfindən necə qarşılanacaq? Bu açıqlamalar Ermənistanda çaxnaşma yarada bilərmi?
Sualımızı cavablandıran Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş politoloq Oqtay Qasımov Elchi.az-a açıqlamasında söyləyib ki, Ermənistan cəmiyyəti zaman keçdikcə reallığı anlamalı, 44 günlük savaşın nəticələrini qəbul etməlidirlər.
Onun sözlərinə görə, beynəlxalq hüquq və təşkilatlar da Azərbaycanın ərazi bütövlüyü prinsipinə hörmət etməlidir:
“Müxtəlif beynəlxalq təşkilatların, BMT-nin qərarları və digər qurumların verdiyi bəyanatlar bu yöndə olub ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Qarabağ hadisələrinin başladığı 34 il ərzində erməni cəmiyyətində “xəstə” və faşist düşüncə, Qarabağı Ermənistana birləşdirmə ideyası hakim olub. Bir zamanlar SSRİ rəhbərliyinin bu məsələləri boş buraxması və sonrakı dövrdə Rusiyanın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının dəstəkləməsi kimi məqamlar erməni cəmiyyətində belə bir fikir formalaşdırmışdı ki, onlar istənilən beynəlxalq qaydaları və hüququ tapdalaya, ərazilərimizi işğal edib, mənimsəyə bilərlər. Amma 44 günlük savaş bu illuziyaların hamısını alt-üst etdi, naşist düşüncəyə ciddi zərbə vuruldu, erməni faşizminin əsas onurğa sütunu olan Ermənistan ordusu darmadağın edildi. Erməni cəmiyyətində cüzi sayda olan və sağlam düşünə bilən insanlar indi fikirlərini daha rahat səsləndirməyə başlayıblar”.
O.Qasımov qeyd edib ki, son dövrlər Rusiya-Ukrayna savaşı fonunda beynəlxalq aləmdə mövcud olan geopolitik durum, Azərbaycan-Ermənistan rəhbərlərinin sonuncu Brüssel görüşündən sonra Ermənistanın yaranmış reallıqları qəbul etməsini şərtləndirir:
“Ermənistan baş naziri parlamentdəki çıxışında da bu reallıqları səsləndirdi. Onun partiyasından olan bəzi deputatlar Paşinyanla eyni düşüncədədirlər. Bir sözlə, bu yanaşma erməni cəmiyyətində yavaş-yavaş artmağa doğru gedir. 25 il öncə Ermənistanın birinci prezidenti söyləmişdi: “Əgər ermənilər onlara təklif olunanı qəbul etməsələr, daha ağır nəticələrlə üzləşəcəklər”. Bu fikir hazırda öz yerini tapmaqdadır. Paşinyan və digərləri də hazırda bu fikirlərə istinad edirlər. Paşinyan açıq şəkildə bildirdi ki, onlar yüksək iddialarından əl çəkməsələr, o zaman həm Ermənistanda, həm də Qarbağdakı ermənilərin taleyi ciddi sual altına düşə bilər. Hesab edirəm ki, artıq Ermənistanda ağlı başında olan siyasətçilər mövcud reallıqları başa düşür. Konkret olaraq anlamalıdırlar ki, onların Qarabağ bölgəsində yaşamaları Azərbaycan və Türkiyəyə bağlıdır. Ona görə də daha sağlam və konstruktiv düşünməlidirlər. Zaman keçdikcə erməni cəmiyyətində V. Xaçatryan kimi fikirləşənlər çoxalacaq”.
Politoloq bildirib ki, Ermənistandakı rusyönümlü revanşist qüvvələr və “Qarabağ klanı”nın bütün çabalarına baxmayaraq, onlar ciddi şəkildə prosesi “tormozlaya” bilməyəcəklər:
“Əlbəttə, mane olmağa çalışacaqlar, Azərbaycan-Ermənistan arasındakı münasibətlərin qaydaya düşməsi heç də rahat olmayacaq. Amma bütün hallarda hesab edirəm ki, reallıq hissi üstün gəlməlidir. Əks halda Ermənistan üçün ciddi problemlər yarana bilər. Ağıllı ermənilər isə bunu yaxşı dərk edirlər”.
Yeganə