“Ermənistanı beynəlxalq məhkəməyə verib, təzminat davası açmalıyıq”-Politoloq

88

“Azərbaycanın bütün platformalarda Ermənistanın işğalçı kimliyinin sübut edilməsinin vacibliyini bir daha vurğulamaq istəyirəm. Ermənilər “Arçax” adlandırdıqları qondarma qurumun Avropa və Qərb tərəfindən tanınması üçün Azərbaycan tərəfinin erməniləri qırması, erməni abidələrini dağıtması, yeni nəsillərə erməni düşmənçiliyinin uşaq yaşlarından aşılaması kimi qondarma iddialarla onlarda fikir formalaşdırmağa çalışırlar”.

Bu fikirləri Elchi.aza açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib.

“Ermənilər hesab edirlər ki, bu zaman Avropa və Qərb vaxtı ilə Kosovada olduğu kimi bu problemin kökünə baxacaqlar və hesab edəcəklər ki, bu xalqlar bir yerdə yaşaya bilməz və ona görə də ayrı dövlətlərdə, daha doğrusu yaranacaq “yeni erməni dövlətində” yaşamalıdır ki, azad və təhlükəsiz olsunlar. Bu, erməni cəmiyyətində gedən fikir mübadiləsidir.
Müharibə başa çatandan qeyd edirik ki, Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verib, təzminat davası açmalıdır. İstər mülki əhaliyə, istərsə də dövlətə dəyən zərər hesablanıb maddi və mənəvi təzminat adı altında ermənilərdən tələb edilməlidir. Dəfələrlə qeyd etmişik ki, bu, strateji məsələdir. Bunu ləngitmək olmaz. Minlərlə əsir və itkin düşmüş vətəndaşlarımızın hesabı Ermənistandan şərt şəkildə tələb sorulmalıdır. Tarixi abidələrə, qəbirlərə qarşı törədilmiş vandalizm faktları, kütləvi qırğınlar dünya ictimaiyyətinin diqqətinə çatdırılmaqla, bu barədə də hüquqi nəticələr əldə edilməlidir. Basdırılmış minaların çıxarılması prosesi videoya çəkilməli və məhkəmədə sübut üçün istifadə edilməlidir. Bu minaların xəritələrinin ermənilər tərəfindən Avropa və Amerikanın araçılığı ilə bizə qaytarılması faktını işğalın sübutu kimi onların özlərinə göstərməliyik.
Ermənilər Avropa İttifaqının sədri Borelin: ” biz məsələnin kökünə baxmalıyıq” deməsini yuxarıdakı kimi dəyərləndirirlər. Bu baxımdan, ən əsas təzminat davası açılması üçün proses başladılmalı, digər qeyd edilən məsələlər barəsində də eyni işləmlər aparılmalıdır. Sonra gec olmasın. Bur daha qeyd edirəm ki, təzminat məsələsi strateji məsələdir və bu, Azərbaycan hakimiyyətinin şəxsi inisiativinə qala bilməz. Bunu dövlət maraqları tələb edir”.

Yeganə