Ermənistanda qeydə alınmış nikah sənədlərinin və digər akt qeydlərinin bərpası qaydası dəyişir

60

Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası dəyişir.

Elchi.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

Qərara əlavə olunan yeni bəndlərə əsasən, artıq xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verəcək. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılacaq. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndəriləcək.