“Ermənistan mütləq şəkildə cəzalandırılacaq!”-Əziz Əlibəyli

40

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Erməniləri genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb. Müdafiə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.

Ordumuzun apardığı hərbi əməliyyatlarla bağlı Elchi.az-a danışan beynəlxalq məsələlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, Ermənistanın hücumu sərhədi tanımamaqla bağlıdır. Bu baxımdan Azərbaycan Ordusunun erməniləri zərərsizləşdirməklə bağlı həyata keçirdiyi əməliyyat Ermənistana sərhədi tanıtmaq üçündür:

“Hesab edirəm ki, apardığımız hərbi əməliyyatları birmənalı olaraq “Vətən sancağı” adlandırmaq lazımdır. Çünki tarixi torpaqlarımızın üzü Zəngəzura doğru olan istiqaməti Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş ərazi vahididir. Bu baxımdan harada şəhid veririksə, mütləq şəkildə oranın bizim üçün Vətən olma məsələsi müqəddəs anlayışdır. Azərbaycan davam edən təxribatlar fonunda Ermənistanın cəzalandırılmasını mütləq şəkildə həyata keçirəcək. Hesab edirəm ki, ümumiyyətlə, sərhəddə baş verənlərlə bağlı Azərbaycan Ordusunun hərbi potensialı və gücü erməniləri zərərsizləşdirmək üçün daha geniş şəkildə öz sözünü deyəcək!”.

Yeganə