Ermənilərin törətdiyi yanğınlar buna ciddi ziyan vurur – Nazir müavini

35

Azərbaycan əraziləri ermənilərin işğalı altında olduğu müddətdə onlar nəinki şəhər və qəsəbələri dağıdıb, həm də təbiət abidələrimizi məhv edib, nadir ağac növləri olan meşələri qırıb, yerli faunaya böyük ziyan vurublar.
Elchi.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
“Şərq çinarının nadir növünün bitdiyi Bəsitçay qoruğunun ərazisinin təxminən 40 %-i erməni işğalçıları tərəfindən kəsilərək yandırılıb. Bundan başqa, işğal dövründə Qubadlı, Kəlbəcər və Füzuli rayonlarının ərazisində yüzlərlə hektar meşə örtüyü məhv edilib.
Ermənistanın təbiətə qarşı qəddar münasibəti 2020-ci il noyabrın 10-da üçtərəfli bəyannamənin imzalanmasından sonra da bitməyib. Ekoloji terror Xocalı və Laçın rayonlarının meşələrinin yandırılması ilə davam etdirilir. Ermənilərin törətdiyi yanğınlar nadir və endemik flora və fauna növlərinin bitdiyi əraziləri məhv etməklə yanaşı, regionun bütün ekosisteminə ciddi ziyan vurur”, – nazir müavini bildirib.
Onun sözlərinə görə, bu faktlar birbaşa ekoloji terrorun və erməni tərəfinin təkcə xalqımıza deyil, həm də təbiətimizə qarşı düşmən münasibətinin sübutudur: “Onlar bütün region üçün təhlükə yaradırlar. Bütün bunlar beynəlxalq hüquq çərçivəsində tərəfimizdən ətraflı şəkildə araşdırılacaq və qiymətləndiriləcək”.