“Minsk danışıqlarında konkret razılaşma əldə olunmadı. Burada ən önəmli nüans 15 fevraldan sonra atəşkəsin elan olunması ilə bağlı oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşən Musayev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə Ukrayna məsələsində ədalət yoxdur: “Minskdə keçirilən danışıqlardan sonra həm qalib tərəfin, həm də məğlub tərəfin başçıları çox rahat şəkildə davranırdılar və açıq şəkildə məsələnin kimin xeyrinə olduğu bəlli olmadı. Danışıqlarda iştirak edən dövlət başçıları da sonda konkret razılaşmanın olmadığını yalnız şifahi razılaşmanın əldə olunduğunu bildirməklə bir növ Minsk görüşünün nəticəsiz qaldığını özləri də bəyan etmiş oldular. Münaqişənin həllinə çalışan yeganə tərəf isə Belarusiyadır. Çünki o həm ev yiyəsidir, həm də Putinə qarşı açıq mövqe nümayiş etdirir”.
Politoloq hesab edir ki, Ukrayna məsələsində həm ABŞ, həm Rusiya, həm də qərb dünyası özlərinə lazım olanı götürüb: “Əzilən isə məhz Ukrayna xalqı oldu. Bu məsələ Ukrayna xalqının mücadələsi deyildi, ABŞ-ın mücadələsi idi. Bu günün özündə də münaqişə əslində ABŞ və Rusiya arasında gedir. Minsk danışıqları da bu ədavətin çözülməsi üçün edilən bir cəhd idi. Ancaq görünən odur ki, bu cəhd də son nəticədə uğursuzluqla nəticələndi”.