“Elə etməliyik ki, düşmən bir daha Laçın tərəfə baxmağa cəsarət etməsin!”

51

“Şanlı Ordumuzun Laçın şəhərini nəzarətə götürməsindən bir gün sonra – avqusutun 27-si səhər tezdən rayonumuzun mərkəzini gəzib-dolaşmaq mənə də qismət oldu. Yəqin, peşəmdən irəli gələn maraqla işğalçıların bu şəhərdə nələr etdiyini aydınlaşdırmağa da çalışdım”.

Elchi.az xəbər verir ki, bu barədə “Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüsyenov FB hesabında bildirib.

Ə.Hüseynov Laçınla bağlı təəssüratlarını bölüşüb:

“Düşmənlər Laçında məskunlaşmağa, hətta şəhərimizi özlərinin qondarma rayonunun mərkəzinə çevirməyə cəhd ediblər. Lakin aydın şəkildə görünür ki, bunu məhdud imkanlarla və “çemodan” əhvali-ruhiyyəsi ilə ediblər. Çünki şəhərimizin 1992-ci ildə vandalcasına dağıdılıb talan edilmiş, yandırılmış tikililərinin, evlərinin əksəriyyəti elə viran edilmiş vəziyyətdə qalıb. Bizim camaatımızın salamat qalan evlərini (mənim təximinlərimlə bir neçə yüz salamat ev durur) bir az təmir edib, oralarda məskunlaşıblar. Salamat qalan inzibati binalarımızdan da inzibati məqsədlər üçün istifadə ediblər. Lakin tək-tük yeni tikili tikiblər. Yeni tikililər də əsasən Xankəndi-Qərbi Zəngəzur yolunun şəhərdən keçən hissəsinin kənarı boyuncadır və çoxu kommersiya xarakterli kiçik tikililərdir. Bir-iki normal tikili də tikiblər. Məsələn, bizim rayon mərkəzi xəstəxanasının xarabalıqları ilə üzbəüzdə, küçənin əks tərəfində yeni xəstəxana tikiblər, amma bu kiçik bir xəstəxanadır, təxminən kənd xəstəxanası kimi.
Şəhərdə minimal kommunal təchizatı (qaz, işıq, su, telefon xətləri) da bərpa edibmişlər. Mərkəzi küçələrin və qeyd etdiyim yolun kənarı boyu öz saxta elementləri ilə “abadlaşdırma” işləri də etməyə çalışıblar (şəhərdən çıxarkən onların hamısını söküb aparıblar). Amma şəhərin əksər məhəllələri, xüsusən də mərkəzi küçələrdən kənar məhəllələri meşə və kolluğa çevrilib.
Ən maraqlı müşahidəm o oldu ki, 2020-ci ilin dekabrın 1-dən sonra şəhərin demək olar ki, boşaldılmış olduğu aşkar görünür (bunu son il yarımda Laçın şəhərindən dəfələrlə keçərkən də hiss etmişdim, çünki şəhər küçələrində hər dəfə ən çoxu 2-3 adam görmüşüdüm). Yuxarıda qeyd etdim ki, bir neçə yüz evdə yaşayırmışlar. Lakin aydın şəkildə görünür ki, həmin evlərin mütləq əksəriyyətində son bir ildə və ya il yarımda yaşayış olmayıb, çünki həmin evlərin həyətini, qapı-bacasını alaq otları basıb, evlərdə təxminən 1-1,5 il əvvəl atılıb qalmış ərzaq qalıqları, geyim əşyaları var, küçələrin səkilərini ot, kol-kos basıb və s.
Sağlıq olsun, laçınlılar tezliklə öz evlərinə dönərlər və qeyd etdiklərimi daha detallı şəkildə özləri görərlər.
Əminəm ki, Laçın şəhərini qısa müddətdə bərpa edib, orada həyatı canlandıra biləcəyik. Laçını elə bir səviyyəyə çatdırmalıyıq ki, düşmən bir daha ona tərəf baxmağa cəsarət etməsin.
P.S. Əlavə etdiyim fotolardan birində Laçın rayon Mədəniyyət evinin viran qoyulmuş binasıdır (2-ci mərtəbəsində ağac bitib), digəri şəhərin ən izdihamlı yeri olan Şəhərin başıdır (yol kənarı səkiləri ot basıb), üçüncü şəkil (mənim də olduğum) isə şəhərin əsas inzibati binalarının (polis şöbəsi, hərbi komissarlıq, xəstəxana və s.) olduğu küçədir, amma ağac elə basıb ki, asfalt keçən meşəni xatırladır”.

Şayəstə