“Dünyadakı son geosiyasi gərginlikdən ən çox udan ölkə Çindir”

60

“2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi sürətlə artır – bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqaisədə 31% artaraq 117 mlrd. 200 mln. dollara çatıb. Bu ilin yekununda ticarət dövriyyəsinin tarixi maksimuma – 170 mlrd. dollara çatacağı gözlənilir”.

Elchi.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli FB hesabında bildirib:

“Qərbin daimi qorxulu “yuxusu” Rusiya ilə Çinin yaxınlaşması idi – amma son illər niyəsə hər şey etdilər ki, bu yaxınlaşma baş versin, böyük strateji səhvdir. Dünyadakı son geosiyasi gərginlikdən ən çox udan ölkə Çindir – faktiki olaraq Rusiyanı öz xammal bazasına çevirir. Rusiyanın Çindən asılılığı artdıqca rəsmi Pekin daha ucuz və daha çox resurslar əldə edir ki, bu da Pekinin yaxın illərdə dünyanın 1 nömrəli iqtisadiyyatı olmasına kömək edıəcək. Çinin Rusiyadan yeganə fərqi odur ki, köntöy, sırf gücə hesablanan aqressiv siyasət yürütmür – Çin zamana oynayır və iqtisadi ekspansiyaya üstünlük verir. Çinin indiki davranışı Britaniya İmperiyasının son 400 ildə davranışına bənzəyir – bazarları, ticarəti, limanları, logistikanı öz əlinə keçirir, nəzarətini təmin edir.
Çinin ən zəif (dünya üçün isə yaxşı olan) tərəfi isə odur ki, ideoloji cəlbedici deyil, başqa “planetdir”, nə mədəni, nə də siyasi “şəbəkə” qurmağa hekayəsi yoxdur. Amma, müxtəlif ölkələrdə əhali yerləşdirməklə əraziləri Rusiya kimi axmaqcasına “hərbi-hüquqi” deyil də, iqtisadi olaraq ələ keçirir. Rusiya hələ də anlamır ki, tarixi perspektivdə Şimal “Ayısı” üçün ən böyük təhlükə Qərb deyil, məhz Çin “Əjdahasıdır” – Baykal gölündən tutun da Amur çayı boyu və Kamçatkaya qədər əraziləri sakitcəsinə, uzun vadəyə yayılmış stateji iqtisafi həzmetmə siyasəti ilə nəzarətə götürəcək. Rusiyadan fərqli olaraq Çin üçün hüquqi olaraq həmin ərazilərin hansı dövlətə məxsus olmasının heç bir əhəmiyyəti yoxdur, Kreml vəhşi işğalı, Pekin isə iqtisadi dominantlığı stateji hədəf seçib.
Qərbin son 30-40 ildəki komfortlu yaşayışı və iqtisadi yüksəlişi həm də Rusiyanın “Mendeleyev cədvəlinə”, resurslarına görə idi – indi öz əlləri ilə xammal bazasını Çinə təslim edirlər, görəsən sonra Çinin yüksəlişinə tap gətirə biləcəklərmi?!
Qlobal geosiyasətdə yaxın 10-15 ilin əsas sualı bu olacaq…”.

Şayəstə