Dumanı Putini dövlətə xəyanətdə ittiham etməyə çağırdılar

45

Sankt-Peterburqun Smolninskoye Bələdiyyə Şurası Rusiya Dövlət Dumasını Prezident Vladimir Putini dövlətə xəyanətdə ittiham etməyə çağırıb.
Elchi.az xəbər verir ki, müraciəti bələdiyyə şurasının deputatı Dmitri Palyuqa Tvitterdə paylaşıb.
“Ukraynaya qarşı müharibənin gedişində Rusiya ordusunun döyüşə hazır bölmələri məhv edilir, Rusiyanın gənc əmək qabiliyyətli vətəndaşları ölür və əlil olur. Bundan əlavə, Rusiya iqtisadiyyatı əziyyət çəkir, Rusiyanın NATO ölkələri ilə sərhədinin uzunluğu iki dəfədən çox artıb. Ukraynanın demilitarizasiyası məqsədi əks effektə gətirib çıxarıb. Ukrayna ordusu müasir hərbi texnika və 38 milyard dollar məbləğində vəsait alıb. Bu, Polşa və Kanadanın hərbi büdcəsindən çoxdur”, – paylaşımda deyilib.
Qeyd olunub ki, Putinin Ukraynanı işğal etmək qərarı Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirir:
“Sizdən Rusiya prezidentini vəzifəsindən kənarlaşdırmaq üçün ona qarşı dövlətə xəyanət ittihamı irəli sürmək təklifi ilə çıxış etməyinizi xahiş edirik”.