Dini radikalların London “triosu”

64

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqdakı Azərbaycan səfirliyinə dini radikalların basqını dünyada ciddi rezonans doğurdu. Bu hadisəni yaradan müəmma nəinki indi hələ uzun illər müzakirə mövzusu olacaqdır.
Hadisənin motivi onun heç də təsadüfi olmadığını, Azərbaycana qarşı hazırlanan böyük məkiirli planın tərkib hissəsi kimi görünür. Bu hadisə Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan, Qarabağ Zəfərindən və Azərbaycanın regionda söz sahibi olmasından təlaşlanan, güclər tərəfindən düşünülən, xaricdən idarə olunan bir prosesdir.
Məkanın niyə bəs Londonun seçilməsi sualı da, düşündürücüdür. Görünən odur ki, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. 2020-ci ilin iyulunda Ermənistan öz himayədarlarının fitnəsi ilə Tovuz rayonu istiqamətindən Azərbaycana təcavüz cəhdi edəndə, neft-qaz magistrallarını hədəfə alanda qardaş Türkiyənin ardınca məsələyə sərt etiraz bildirən məhz BP şirkəti oldu. Təbii ki, şirkətin maraqları var idi, amma bu, həm də iki ölkə arasındakı yüksək əlaqələrin məntiqi nəticəsiydi.
Bəs o zaman nədən London Təhlükəsizlik xidməti bu müttəfiqliyə hörmət edib, səfirliyə hücumun qarşısını almadı? Bu sual müəmma yaradır. Axı London Təhlükəsizlik xidməti, Yasir əl-Həbibi adlı birinin rəhbərlik etdiyi “Mehdinin xidmətçiləri” təşkilatının quldur dəstəsinin fəaliyyətindən xəbərdar idilər. Mümkün deyilki onlar bu təşkilat üzvlərinin fəaliyyətinə nəzarət etməsinlər. İnanılası deyil axı, hansısa dini qrup İngiltərə təhlükəsizlik qüvvələrinin “boşluğundan və zəifliyindən” istifadə edərək səfirliyimizə hücum ediblər.
Böyük Britaniya Rusiya-Ukrayna müharibəsinin başlanmasından öncə, hərbi əməliyyatların başlanma tarixi ilə bağlı dəqiq proqnoz verən, müharibənin gedişatı, Rusiya ordusunun itkiləri və yerdəyişmələri barədə cəmiyyətə müfəssəl informasiya verən Britaniya kəşfiyyatının ölkənin ürəyində, Londonda onlarla insanın iştirak etdiyi hücum planının qarşısını öncədən ala bilməməsi ağılabatan deyil.
Britaniya Beynəlxalq Hüquqa görə Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməyə borclu idi. Çünki beynəlxalq hüquqa əsasən, səfirliyin ərazisinin təhlükəsizliyini onun yerləşdiyi ölkə təmin etməlidir. Bu, 1961-ci ildə qəbul edilmiş və diplomatik nümayəndəliklərin fəaliyyət reqlamentini müəyyənləşdirən Vyana konvensiyasının 22.2-ci maddəsində qeyd olunub.
“Mehdinin xidmətçiləri” radikal qrup dəfələrlə müxtəlif yerlərə basqın edərək şüarlar səsləndirmələri Britaniya Hökumətinə məlum idi. Bundan belə bir nəticə çıxırki Azərbaycan səfirliyinə hücuma görə İngiltərə Hökuməti də maraqlı olub. Belə olmasaydı London polisi Azərbaycan səfirliyinə hücumu sonadək seyr etməzdi. Hadisə yerindən çəkilmiş videoya baxanda, faktiki olaraq vandilizm, cinayət Britaniya polisinin nəzarəti altında baş verdiyini müşahidə edirsən.
Londondakı səfirlik binasına hücum Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazidə yerləşən qanunsuz erməni silahlı dəstələrinin Ordumuza qarşı təxribatı fonunda baş tutdu və onlar bundan əlavə gərginlik yaratmaq üçün istifadə etdilər.
Habelə, bu hadisənin iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji üzrə Anlaşma Memorandumunun imzalanmasından az sonra baş verməsi də diqqətçəkən məsələdir.
10 noyabr üçtərəfli bəyanatın imzalanmasından bir ay sonra Hadruta “Şirak terrorçu dəstəsi”ni yollayaraq gərginliyi tətikləmək planı quran qüvvələr və ya onların həmfikirləri 4 avqust 2022-ci ildə də Londondakı səfirliyimizin üstünə “Şirazilər”i yolladılar. Ümumiləşdirsək, məqsəd-məram eynidir, hər ikisində Azərbaycan bayrağını endirmək, terrorçu Ermənistanı müdafiə etməkdir.
Tehran son zamanlar Azərbaycanın deyil, Ermənistanın “qardaşı”, “dostu” kimi davrandığına görə bu hadisədə başlayanda baxışlar İrana yönəlmişdi. KİV belə bir mövqe sərgiləmişdi ki, qruplaşma radikallar tərəfindən Londonda yaradılıb və bu qruplaşmanın İran İslam Respublikası hökumətinə qarşıdır. Hadisəni diqqətlə izləyəndə burada başqa versiyalarında şahidi oluruq.
Londonda dini radikallar 4 avqustda Azərbaycan səfirliyinə basqın edib, bayrağımıza qarşı hörmətsizlik etdilər. Yasir əl-Həbibi adlı birinin rəhbərlik etdiyi “Mehdinin xidmətçiləri” təşkilatının quldurları səfirliyimizə soxulduqdan sonra belə bir bəyanat verdilər: “Azərbaycan hakimiyyətinin ölkədə Hüseyni ayinlərə qarşı mübarizəyə etiraz əlaməti olaraq “Xuddam əl-Mehdi” (Mehdinin Xidmətçiləri) təşkilatının bir qrup üzvü Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdinin bayrağını qaldırıb”.
Burada daha bir ipucu verən daha bir məqam: Quldurların qaldırdıqları plakatlardan biri Binə qəsəbəsində özünü “hüseynçi” adlandıran Seyidə Şəhla adlı qadının portretinin asılması oldu. Şəkilin üzərindəki yazı Bakıdakı Şəhla adlı qadının “dini təzyiqə” məruz qalmasını əks etdirib.
Seyidə Şəhla “kərimə dövləti” tərəfdarıdır, evini isə Qasım Süleymani və Əli Xameneinin portretləri “bəzəyir”. Azərbaycanlı uşaqların “Fərmandeh” kimi İran siyasətinin beyinyuyan xorunu öyrədən bu qadının fotosunun “mehdiçi”lərin London səfirliyimizin binasından asması təsadüfi deyil. Seyidə Şəhlanı həm də “hüseynçi”lərin aktiv şəkildə sosial şəbəkələrdə dəstəklədiyi də bəllidir. Bütün bu faktlar Londondakı Azərbaycan səfirliyinə basqında İran faktorunun da rolunu qaçılmaz olduğu ehtimalını yaradır.
Görünür, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında yaxın illərdə aparıcı rola sahib olması reallığı da Yasir Əl-Həbibin sifarişini icra etdiyi mərkəzi narahat edən məqamlardan biri olub. Məhz buna görə təxribatçı hücum Avropanın əsas siyasi və maliyyə mərkəzlərindən birində, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yerləşdiyi Londonda baş tutdu.
Məqsəd çirkin aksiya vasitəsilə dünya mediasının diqqətini cəlb etmək, Azərbaycanın illərlə nümayiş etdirdiyi və dünyanın əksər ölkələrinə nümunə olan multikultural imicinə xələl gətirmək idi. Amma Azərbaycan dövlətinə qarşı planlaşdırılan çirkin təxribat və “qara piar” aksiyası mahiyyət etibarı ilə tam fiaskoya uğradı. Londondakı səfirlik binasına hücum Azərbaycan cəmiyyətinin bütün təbəqələrində, o cümlədən dindar insanlar tərəfindən ikrah hissi ilə qarşılandı. Təxribat Azərbaycanda dünyəvi və dini görüşlü vətəndaşlar arasında birliyin olduğunu, ölkə insanlarının ilk növbədə dövlətçilik ənənələrinə sadiq olduğunu nümayiş etdirdi.

Faiq İsmayılov