“Güzəştə getmək lazımdır”
“Manatın zəifləməsi prosesi hələ bir müddət davam edəcəyindən, banka dollarla borcu olanların vəziyyətini yüngülləşdirməkdən və bundan sonrakı proseslərin də ağırlıqlarını qarşılamaqdan ötrü, bir dəfəyə hesablanmış yox, çox dəfəyə hesablanmış işlək bir mexanizm yaradılmalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib.
Onun sözlərinə görə, manatın 21 fevral və 21 dekabr 2015-ci il tarixli devalvasiyaları nəticəsində onun dollara nisbətdə məzənnəsi 0,78 manatdan 1,55 manata enib, yəni 2 dəfəyə yaxın dəyərsizləşib: “Bununla əlaqədar olaraq 2 məsələ xüsusi aktuallıq kəsb edir: Birincisi devalvasiyadan sonra dollarla kredit borcu olanların vəziyyətini yumşaltmaq. 21 dekabr devalvasiyasından sora dollarla borcu olanların əlavə ödəməli hissələr milyard dollarlarla ölçülür. Bu isə əksər borc götürənlərin maliyyə imkanları xaricindədir. Mən Milli Məclisdəki çıxışımda devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq” sistemi üzrə, yəni “dövlət – Mərkəzi Bank – kommersiya bankları – əhali” arasında ədalətlə bölüşdürülməsi ideyasını irəli sürdüm. Bu zaman dollarla olan borcların xüsusiyyətindən asılı olaraq müxtəlif variantlar tətbiq etmək olar, məsələn 5 min dollara qədər və ya xüsusi hesablamalardan sonra imkan varsa, 10 min dollara qədər borcu olanların borclarını 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə, yəni 1.05 manatla ödənilməsi, manatın dollara olan 21 dekabr məzənnəsini (1.55) əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına bir neçə illik möhlət verilməsi və bunun müqabilində banklara müəyyən kompensasiya verilməsi, borcun bir müddət yalnız faizlər səviyyəsində qaytarılması, faiz dərəcələrinin aşağı salınması və sair bu kimi üsullardan istifadə etmək olar.Vətəndaşın mebel, soyuducu, paltaryuyan maşın və sair almaqdan ötrü aldıqları istehlak kreditlərini dollarla hesablamaq isə absurd olduğundan bu məsələyə xüsusi yanaşmaq lazımdır. Bir də araşdırma aparmaq lazımdır ki, fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edərək hansı borclar bank tərəfindən dollarla təkrar hesablanmaya məruz qalıbsa, həmin borcluların haqlı tələblərini yerinə yetirmək, güzəştə getmək lazımdır.
“İkincisi, devalvasiya nəticəsində qiymətlərin, xüsusən də ərzağın qiymətinin artmasının ailə büdcəsinə təsirini qarşılamaq. Manatın devalvasiyası ilk növbədə xaricdən gətirilən malların, sonra da xaricdən gətirilən xammal və material əsasında hazırlanan malların qiymətlərinə təsir edir. Bu məsələdə təbii qiymət artımı ilə süni qiymət artımını bir-birindən ayırmaq lazımdır. Təbii qiymət artımı olmalı və hökumət də əhalinin xüsusən də aztəminatlı və orta təbəqəsinin bu sahədəki itkilərini əmək haqqı, pensiya və digər ödənişləri indeksləşdirməklə qarşılamalıdır. Eyni zamanda monitorinqlərin dairəsini genişləndirmək və süni qiymət artımının qarşısının alınmasının işlək mexanizmi hazırlanıb tətbiq edilməlidir”.