Ayaz Orucuvun oğlu bir il ərzində iki dəfə Bakı küçələrində qalmaqala görə media gündəminə gəlib
Bildiyimiz kimi, bəzi məmurların övladları ataları kimi bahalı həyat tərzi yaşamağı xoşlayırlar və buna vərdiş ediblər. Ataları müxtəlif dövlət vəzifələrində çalışan bəzi «gül bala»lar şəhərimizin elit məkanlarına, o cümlədən xarici ölkələrə üz tutaraq ürəkləri istəyən formada əylənirlər. Təbii ki, onlar əyləncələrinə külli miqdarda vəsait sərf edirlər. Bəzi məmurların balaları istirahətləri ilə yanaşı, sürdükləri maşına, paltarlarına, yaşadıqları mənzillərə və digər məsələlərə xüsusi diqqət yetirirlər. Bir-birindən geri qalmaq istəməyən vəzifəli şəxslərdən bir neçəsinin övladı bacardıqları qədər oliqarx həyat şəraitinə meyl edirlər.
Maddi imkanlarını, sərvətlərini nümayiş etdirən bəzi məmur balaları bir çox hallarda sadə vətəndaşlara qarşı haqsızlıq edir, ümumiyyətlə, cəmiyyətdə asayişi pozaraq özlərini normal apara bilmirlər. İş o yerə çatıb ki, bu məsələyə dövlət başçısı özü müdaxilə etmiş və geniş toplantıların birində məmur övladlarının qudurğanlığını dilə gətirmişdi: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edir, insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxaracağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq…”. Amma prezident səiyyəsində sərt xəbərdarlığa baxmayaraq bəzi məmurların uşaqları cəmiyyətdə narazılıqla qarşılanan hərəkətlərini davam etdirirlər ki, bunlardan biri də Milli Məclisin deputatı Ayaz Orucovun oğlu İsmayıl Orucovdur.
81 saylı Beyləqan seçki dairəsindən mandat verilmiş A.Orucov atasının adını verdiyi övladını deyəsən çox ərköyün böyüdüb. Çünki, gənc ismayıl qısa müddət ərzində iki dəfə öz əməlləri ilə medianın mənfi qəhrəmanına çevrilib. Oxuculara xatırladaq ki, deputatın oğlu ötən ilin mart ayında avtoxuliqanlıq edərək xanımların olduğu avtomobilə 8 güllə atması ilə gündəmə gəlmişdi. Təəssüf ki, deputatın oğlunun törətdiyi əmələ bu günə kimi hüquqi qiymət verilməyib. Bu əməli sadə vətəndaş törətmiş olsaydı, çoxdan barəsində cinayət işi qaldırıb həbsə atmışdılar. Amma deputatın oğlu hələ də azadlıqda gəzir. Bu azmış kimi, 10 BB 111 nömrəli «Mercedes Galenvagen», o cümlədən 10 PP 177, 10 AK 177 və 90 HH 177 nömrəli bahalı avtomobillər sürən məmur oğlu yeni özbaşınalıqlar törədir. Belə ki, bu hadisədən heç bir il keçməmiş İ.Orucov yenə öz avtomobili ilə qalmaqal müəllifi oldu. Belə ki, bir neçə gün öncə deputatın oğlu sərxoş vəziyyətdə avtomobil edarə etdiyi üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olan məlumatda bildirilir ki, hadisə bir neçə gün əvvəl Bakı şəhərində qeydə alınıb. Deputat oğlu yol polisi tərəfindən saxlanılarkən kobudluq edərək tabesizlik göstərib. Hətta, atasının deputat olduğunu deyərək yol polislərinə problem yaradacığını da bildirib. Lakin DYP əməkdaşları geri çəkilməyib və deputat oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı sənədləşdirilib. Deputat oğluna protokol yazılıb, avtomobili isə cərimə meydançasına salınıb.
Bütün bunlar haqda danışan mənbənin sözlərinə görə hadisədən xəbər tutan millət vəkili Ayaz Orucov qalmaqal yaradıb. Məlumata görə, deputat Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək oğluna protokol yazan yol polisi əməkdaşının cəzalandırılmasını istəyib. Lakin onun bu cəhdləri nəticəsiz qalıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov avtosfer.az-a bildirib ki, deputatın qalmaqal yaradaraq DİN rəhbərliyinə şikayətlənməsindən məlumatsızdır: “Məndə bu barədə məlumat yoxdur. Lakin yol rolisi sürücünü sərxoş vəziyyətdə saxlayıb protkol yazıbsa, bunu qanuna əsaslanaraq edirlər”. Deputat Ayaz Orucov isə bunları deyib: “Onu yol polisindən soruşun. Mən bu barədə eşitməmişəm, görməmişəm, xəbərim yoxdur”.
Bizi maraqlandıran oğul Orucovun qiyməti 100-200 min manat arasında dəyişən avtomobilləri hansı pullarla almasıdır. Deyilənə görə, deputatın oğlu heç yerdə işləmir. Azərbaycan reallığında heç bir işlə məşğul olmayan şəxslərin aqibəti məlumdur. Yəni bu cür insanlar hər zaman maddi sıxıntı içində yaşayırlar. Millət vəkilinin oğlu onlardan fərqli olaraq necə deyərlər, xan kefində dolanır. Maraqlıdır, hansı pullarla?.. Görünür, İsmayıl Orucov üçün yaradılan geniş imkanlarda atası təsirini göstərib. Nəzərə almaq lazımdır ki, Milli Məclisin üzvü uzun müddət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində işləyib. Lakin işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib. Ayaz Orucov vəzifədən çıxarılan kimi haqqında müxtəlif söhbətlər, hətta həbs olunacağı ilə bağlı xəbərlər yayılmağa başladı. Belə ki, onun Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışdığı zaman böyük mənimsəmə hallarına yol verməsi iddiaları ortaya atıldı. Buna rəğmən, millət vəkili məsuliyyətdən boyun qaçırmağı bacardı. Kim bilir bəlkə də Ayaz Orucovun barəsində deyilənlər həqiqət idi. Amma aidiyyəti hüquq-mühafizə orqanları deputatın fonddakı fəaliyyətini araşdırmadı. İsmayıl Orucovun bu gün yaşadığı bahalı həyatın mənbəyində deputatın fondda işlədiyi dövrlərdə qeyri-rəsmi yollarla qazandığı vəsaitlərin dayandığı istisna deyil. Hər bir halda, deputatın oğlu özünü cəmiyyətdə sadə aparmalıdır. Pulu çoxdur deyə kimlərəsə yuxarıdan aşağı baxmamalıdır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Maliyyə Nazirliyinin və Hesablama Palatasının rəhbərliyindən xahiş edirik ki, deputatın fonddakı fəaliyyət illərini dərindən araşdırsınlar. Fikrimizcə, araşdırma aparılsa, İsmayıl Orucovun bahalı maşınlarını və «zerkalnı» nömrələri hansı pullarla alması dəqiq bilinəcək.