Deputat: “Münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır”

54

“Brüsseldə keçirilən sonuncu görüş bir sıra vacib məqamlar ilə fərqləndi. Tərəflər sülh müqaviləsinin hazırlanması üçün daha sistemli razılığa gəldilər. Hətta Xarici İşlər Nazirlərinin 1 ay ərzində görüşməsi və mətnin ilkin formasının üzərində işləməsi də razılaşdırıldı. Bu kifayət qədər vacib razılaşmadı. Qafqaz heç zaman dayanıqlı sülhə bu qədər yaxın olmayıb. Qeyd edək ki, Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov FB hesabında bildirib.

Deputat söyləyib ki, üçtərəfli bəyanatda minadan təmizləmə və itkin düşənlər ilə bağlı məsələlər də xüsusi qeyd olunur:

“Avropa İttifaqı həmçinin minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətindəki səylər Brüssel tərəfindən dəstəklənir və ittifaq bu məsələdə aktiv olmaq niyyətindədir. Aydındır ki, Avropa İttifaqı ölkələrin suverenliyi gözlənilmək şərti ilə regionda kommunikasiyaların yenidən bərpasını dəstəkləyir
Son Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox dəstək ola biləcək qurum məhz Avropa İttifaqıdır. Bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi regionda daha qısa zamanda sülhün formalaşdırılmasına xidmət edir. Digər tərəfdən, həm Azərbaycan, həm də Ermənistan münaqişənin həllində Avropaya etimad göstərirlər. Bu da sülhün əldə edilməsi imkanlarını genişləndirməklə yanaşı, prosesin daha intensivləşməsinə xidmət edir.
Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudu. “Qarabağ münaqişəsi” və hətta “münaqişə” sözlərinin bir dəfə də işlədilmədiyi son bəyanat artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir”.

Yeganə