“Azərbaycan Dəmir Yolları (ADY) QSC açıqlama yayıb ki, yarım il ərzində nə qədərsə sərnişin daşıyıb.
Hələ bir çəkinmədən də, bunu pandemiya dövrü ilə müqayisə edib, güya nəhəg irəliləyiş kimi cəmiyyətə təqdim ediblər.
Belə yerdə deyiblər, utanmayandan sonra oynamağa nə var?”.
Elchi.az bildirir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Feysbuk hesabında bildirib:
“Həqiqətdə isə bu qurum pandemiyadan sonra Bakı-Balakən, Bakı -Qazax, Bakı- Yalama , Bakı-Astara və s. daxili xətlərdə sərnişin daşımasını heç bir ciddi əsas göstərmədən dayandırıb.
Gah deyirlər ki, qatarlar yoxdur, gah deyirlər dəyişən cərəyanı sabit cərəyana çeviririk, gah da deyirlər dəmir yollar bərpa olunur. Bir sözlə nağıllar. Ağlabatan bir açıqlama hələ də ortada yoxdur.
Nazirlər Kabinetindəki Operativ Qərargahdan da bildiriblər ki, qatarların fəaliyyətinin dayanmasının Qərargahın qərarı ilə hər hansı əlaqəsi yoxdur.
Qanunvericiliklə təbii inhisar subyekti hesab olunan qurumun ağlabatan bir əsas olmadan fəaliyyətini dayandırması da anormal, analoqu olmayan bir haldır.
Antiinhisar Dövlət Xidməti də xeyli vaxtdır bu təbii inhisar qurumunda yoxlama aparır, amma real nəticələr hələ yoxdur.
Qonşu Gürcüstanın Dəmir Yolu isə pandemiyadan qısa müddət sonra daxildə sərnişin daşımalarını tam bərpa edib.
ADY-dən, hökumətdən gözlənilən xəbər odur ki, dəmir yolu ilə daxili sərnişin daşımaları nə zaman tam bərpa olunacaq?”.
Yeganə