“ABŞ Prezidenti Bayden Ermənistanın müstəqillik günü münasibətilə Paşinyana təbrik məktubu göndərib. Məktubun ruhu İrəvana “qorxma, mən səninləyəm!” mesajıdır”.
Elchi.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Xəqani Səfəroğlu FB hesabında qeyd edib:
“Məktubda “Dağlıq Qarabağ” da xatırlanır.
“Biz əvvəlki kimi münaqişənin, o cümlədən Dağlıq Qarabağ xalqı üçün dinc yolla həllinə kömək etmək üçün sizinlə və digər tərəflərlə işləməyə davam edəcəyik”-deyə Bayden yazıb.
“Dağlıq Qarabağ xalqı” ifadəsi Vaşinqtonun 44 günlük müharibədən sonra yaranmış status-kvo-ya münasibətini bir daha göstərir. Belə aydın olur ki, Vaşinqton Üçtərəfli Bəyanatın prinsiplərini qəbul etmir və hər vəchlə Minsk Qrupunu “diriltməyə” çalışır.
Müharibənin nəticələrini gözardı edilmə cəhdi absurddur və Bakı ilə konstruktiv əməkdaşlıq üçün ciddi mane yaradır.
Bundan başqa Bayden son sərhəd toqquşmasını da “bir müddət əvvəl baş vermiş hucum” adlandırır və Paşinyana başsağlığı verir.
“Hucum” ifadəsi ABŞ-ın sərhədin delimitasiyasına dəstəyi ilə bağlı rəsmi mövqeyi ilə uyğun gəlmir.
Baydenin bu təbriki Azərbaycanla elan etdikləri strateji əməkdaşlıq prinsiplərinə ziddir.
Son sərhəd təxribatı göstərir ki, Cənubi Qafqazda yeni masa qurulmasına canatma var və Vaşinqton da “Paşinyan kartı” ilə bu masaya oturmaq niyyətindədir.
Bayden komandası bu mövqe ilə Moskvaya Cənubi Qafqazdan getmək istəmədiyini açıq mesajla ifadə edir.
Azərbaycanla əlaqələr ABŞ üçün mühümdür.
Lakin bütün hallarda geopolitik savaş Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü şübhə altına sala bilməz.
“Əsəb savaşı” davam edir”.
Şayəstə