“Ermənistanın və ona dəstək verən qüvvələrin ölkəmizə qarşı tutduğu təxribatçı mövqe bizi vadar edir ki, regionda xüsusilə də Azərbaycanın Qarabağ bölgəsində mövcud vəziyyəti dəyişdirək. Ona görə ki, düşmən cəbhəsi təxribatları hər keçən gün artırmaqda davam edirlər. Əlbəttə ki, burada bir arxayınlıq da var. Ermənistanın əsas arxayınlığı Rusiya “sülhməramlıları”nın bölgədə olması, İranın Ermənistana açıq dəstək verməsi, Fransa və ABŞ-nin Ermənistana dəstək verməsi və sairdən qaynaqlanır”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Samir Hümbətov Feysbuk hesabında bildirib.
Analitikin sözlərinə görə, söz yoxdur ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin istənilən təxribatının qarşısını almağa qadirdir və belə də edir:
“Amma görünən odur ki, Ermənistanın və erməniləri müti qul xislətini anlayan həmin sözügedən dövlətlər bu fürsəti boşa vermək niyyətində olmadıqlarını hər addımda göstərməyə çalışırlar.
Əgər Ermınistanın və ona dəstək verən qüvvələrin etdiyi təxribatçı hərəkətləri Azərbaycan tərəfi etsəydi, o zaman sözügedən dövlətlərin hər biri Ermənistanın müdafiəsinə qalxacaqdı.
Bu son baş verən proseslərdən belə aydın oldu ki, deməli nə İranla eyni dini və əqidə mənsubiyyətinin, nə 22 Fevral 2022-ci ildə Rusiya ilə imzalanmış müttəfiqlik bəyannaməsinin, nə Fransa ilə uzun illər ərzində davam edən tərəfdaşlığın, nə də Azərbaycanı Xəzər hövzəsində özünə əsas müttəfiq hesab edən ABŞ-ın Azərbaycana qarşı niyyətləri saf deyil.
Eyni zamanda o da aydın olur ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sözügedən dövlətlərin maraqlarına uyğun gəlmir. Məhz buna görədir ki, əsas istəkləri Ermənistan-Azərbaycan arasında danışıqlar prosesini beşiyindəcə pozmaqdır.
Xatırlatmaq yerinə düşər ki, bir neçə gün öncə Azərbaycan tərəfi beş erməni terrorçunu Ermənistana təhvil verərkən hətta İran daxil bütün sözügedən dövlətlər bunu xoş qarşıladıqlarını bildirdilər. Amma 12 Sentyabr hadisələrində isə Azərbaycana dəstək məsələsi qətiyyən gündəmə gəlmədi. Üstəlik İran XİN sözçüsü Ermənistan leyhinə bəyanatlar səsləndirərkən Rusiya KTMT nümayəndəsini Ermənistana göndərir, Fransa və ABŞ tərəflərə dərhal atəşkəs çağrışı edir. Bunlar nəyi göstərir?
1) Həmin dövlətlər digər məsələlərdə ziddiyyətli fikirlərə sahib olsalar da, Qarabağ məsələsində Ermənistanın yanında yer almağa çalışırlar,
2) Ermənistanın sülh prosesinə gəlmək fikiri yaranmağa bşlamış olsa da, belə təxribatçı hərəkətlərlə onu fikrindən daşındırırlar,
3) Azərbaycana dildə həmrəylik göstərsələr də, əməldə bunun əksini nümayiş etdirirlər.
Məhz buna görədir ki, Cənubi Qafqazda 30 ildir ki, gərginlik bitmir. Hətta hadisələrin gedişatı onu göstərir ki, nə qədər ki, iki oynayan tərəflər regiona təsir etmək istəyir və Ermənistan da onların əlaltısına çevrilib həmin müddət ərzində regionda sülhü düşünmək belə çətin olur”.
Şayəstə