“Buqələmun” baş nazir: Trassın qarşsısında qalaqlanan probelmlər – TƏHLİL

68

“Rusiya-Ukrayna müharibəsinin gedişatında Böyük Britaniya yeni hökumət dəyişikliyi yaşadı – Boris Conson baş nazir postunu Liz Trassa təhvil verdi.
Baş nazir Liz Trass daxili problemləri yoluna qoymalıdır və bundan sonra onun xarici siyasətdəki uğuru mümkündür.
Liz Trass Böyük Britaniyada inflyasiyanın azaldılması və enerji çatışmazlığının aradan qaldırılması istiqamətində iqtisadi layihə hazırlamalıdır, hərçənd ki, Rusiya-Ukrayna müharibəsinin ən az zərər vurduğu ölkələrdən biri elə Britaniyadır”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“Trass Avropa İttifaqı ilə münasibətlər sistemini yenidən nəzərdən keçirməlidir. Britaniya üçün Avropa İttifaqı Rusiyadan gələn təhdidlərin qarşısının alınması üçün bufer zona rolunu oynayır, Londonun Birliyin təhlükəsizliyi üçün sərmayə xərcləməsinin kökündə özünü düşünmək dayanır.
Yəni, Britaniya vaxtı ilə üzvü olduğu Avropa İttifaqının mənəvi himayədarı deyil, o, məsələyə siyasi soyuqqanlılıqla yanaşır və strateji məramlarla addımlarını müəyyənləşdirir.
Ancaq Trass Avropa Birliyi ilə mənəvi olaraq yolayrıcındadır, buna səbəb onun Şimali İrlandiya Protokoluna qarşı çıxmasıdır.
Protokolun hüquqi qayəsi budur ki, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra Şimali İrlandiya İttifaqın vahid bazar və gömrük zonasında qalıb.
Nəticədə İngiltərə ilə Şimali İrlandiya arasında gömrük sərhədi yaranıb. Prosedura uyğun olaraq İngiltərədən Şimali İrlandiya limanlarına gedən mallar gömrük yoxlamasına məruz qalır, bu isə Londonla Avropa İttifaqı arasında mübahisələr yaradır.
Trass elə bir sxem hazırlamalıdır ki, dünyanı cənginə alan təhdidlər zamanı ölkəsi Avropa İttifaqı ilə gərginlik içərisində qalmasın.
Münasibətlərin arasına sədd çəkilməsi Trassı Avropanın siyasi həyatında iştiraka həvəsləndirməyə bilər, o yerə qədər ki, bu, Britaniyanın dünyada hegemonluq qazanmaq üçün müəyyən etdiyi “Qlobal Britaniya” strategiyasının qırmızı xəttini keçməsin.
Ona görə Trass “Qlobal Britaniyanın” çərçivəsinə xəyanət etməkdən qaçacaq.
Britaniya NATO-da özünün təsirlərini genişləndirməli və müttəfiqlərinin sayını artırmalıdır. Bunun üçün Britaniya özünün yaratdığı beynəlxalq öhdəliklərlə diqqəti cəlb etməlidir və müttəfiqi olduğu dövlətlərə təhlükəsizlik zəmanətləri verməlidir.
Çünki Britaniya Ukraynaya dəstəyi, Rusiya və Çinə qarşı mübarizəni davam etdirməyi özünün təhlükəsizlik ehtiyacları sırasında prioritet kimi saxlayır, bu yolda ona əlavə dəstəkləyici platformalar lazımdır.
Liz Trass Britaniyanın oturuşmuş dövlət ağlını öz hisslərinə qurban verə bilməyəcək, hərçənd ki, onun buqələmun kimi xarakterizə edilməsi halları da mövcuddur.
Trassa ona görə buqələmun deyilir ki, o, vaxtı ilə gah liberal, gah mühafizəkar, gah monarxiyanın əleyhdarı olub, gah da Britaniyanın Avropa İttifaqında qalmasının müdafiəçisi kimi çıxış edib.
Təzadlı şəxsiyyət olan Trassın Britaniyanın təhlükəsizlik arxitekturasında xüsusi yer tutan Avropa İttifaqı ilə siyasəti hansı formada quracağına dair dəqiq proqnoz səsləndirmək çətindir.
Ancaq bilinən budur ki, Trassın duyğuları yuxarıda qeyd etdiyimiz kimi, “Qlobal Britaniya”nın fövqünə keçə bilməyəcək”.

Yeganə