İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı yüksək səviyyədə keçdi. Bu toplantı islam və türk dövlətlərinin mövqeyini bir daha ortaya qoydu. Toplantı çərçivəsində xüsusilə Azərbaycan, İran və Türkmənistanın qaz sazişi imzalaması, o cümlədən Pakistan, Azərbaycan, İran və Türkiyə liderlərinin dördtərəfli görüşü onu göstərir ki, bu dövlətlər arasında daha sıx iqtisadi-siyasi əlaqələr yaradılıb.
Bu sözləri Axar.az-a millət vəkili Vahid Əhmədov İƏT-in Türkmənistanda keçirilən XV Zirvə toplantısı barədə danışarkən deyib.
“Azərbaycan Prezidentinin İran mediasına açıqlaması da onu göstərir ki, Tehranla iqtisadi-siyasi əlaqələr get-gedə genişlənəcək. Bu, bizim üçün də, bölgəmiz üçün də çox əhəmiyyətlidir”, – millət vəkili bildirib.
V.Əhmədov qeyd edib ki, Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz müqaviləsi yeni bir səhifə açır, belə bir səhifə Azərbaycan iqtisadiyyatında olmayıb:
“Dövlət başçımız hər zaman İranla münasibətlərə yüksək qiymət verib. Müharibədən sonra Prezident ilk dəfə Xudafərin körpüsünə, Cəbrayıla səfəri zamanı da dedi ki, İran bizim dostumuzdur. Görünür, İran dövləti də artıq başa düşür ki, Azərbayan çox ciddi inkişaf yolundadır. Müharibədən sonra Qarabağda quruculuq işləri yüksək səviyyədə gedir. Kənardan maddi yardım olmasa belə, Azərbaycan öz daxili resursları hesabına tikinti işləri aparır. Xarici dövlətlər bütün bunları çox yaxşı anlayırlar”.
V.Əhmədov İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağına da xüsusi diqqət çəkib:
“Dünya düzəni tamamilə dəyişib. Avropa, Amerika, Rusiya və digər dövlətlər başa düşürlər ki, İƏT üzvlərinin əksəriyyəti təbii resursları olan dövlətlərdir. Azərbaycan da öndə gedən dövlətlərdən biridir. İƏT-in Tədqiqat Mərkəzinin Azərbaycanda təşkil edilməsi və yaradılması vacibdir. Bu, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü ideyaların zamanı gəldikcə həyata keçidiyinin nümunəsidir. Xatırlayaq ki, Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT-in 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi”.