Bu ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Elchi.az-a verilən məlumata görə, respublika üzrə neft hasilatının 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.
Hesabat dövründə 13,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,6 milyon tona yaxın konsorsiumun, 780 min tonu isə SOCAR-ın payına düşür.
Məlumata görə, 6 ay ərzində ölkədə 23,4 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,9 milyard kubmetri AÇG-dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən, 3,9 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz, yəni 3,1 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu dövrdə BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib.
Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub.