“Bu ifadə nə Baydenə, nə də ABŞ-a yaraşdı…”-ŞƏRH

59

Bu yaxınlarda ABŞ prezidenti Co Baydenin Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığı təbrik mesajındakı fikirlər böyük rezonansa səbəb oldu. Belə ki, Bayden Ermənistanın müstəqillik günü münasibətilə yazdığı məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədib. Bayden qeyd edib: “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”.

Amerika kimi böyük və güclü bir dövlət başçısının belə fikirlər səsləndirməsi müəyyən siqnallardan xəbər verir. Maraqlıdır, Bayden 44 günlük müharibədən və Ermənistanın məğlubiyyətindən sonra “Dağlıq Qarabağ xalqı” adlı ifadəni səsləndirməklə nəyə nail olmaq istəyir?

Mövzu barədə fikirlərini Elchi.az-la bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, Bayden əslində öz fikirlərini normal ifadə edə bilən şəxs deyil:

“Məktubda “Dağlıq Qarabağ xalqı” adlı ifadə erməni diasporunun sifarişi ilə yazılıb. Azərbaycan dəfələrlə “Dağlıq Qarabağ”ın statusunun olmadığını qeyd edib. Ona görə də məktubda Artsax və ya “Dağlıq Qarabağ” yox, məhz “Dağlıq Qarabağ xalqı” ifadəsini yazıblar. Ümumiyyətlə, məktubda yer alan bu ifadənin özü düzgün seçilməyib. Ermənilər isə bu durumdan necə var istifadə edirlər. Məktubdakı o sözün yazılması isə heç bir önəm daşımır!”.

C.Nuriyev vurğulayıb ki, noyabr ayında ABŞ-da Konqresə seçkilər keçiriləcək. Nensi Pelosi də həmin seçkilərə görə Ermənistanda oyunlardan çıxır, “timsah göz yaşlarını” axıdırdı:

“Pelosi Amerikada yaşayan ermənilərin səsini almaq, erməni lobbisinə yiyələnmək istəyirdi. Tam səmimi olaraq deyirəm ki, dekabr ayında Amerika “Dağlıq Qarabağ xalqı” adlı ifadənin olub-olmamasını tamamilə unudacaq. Demokratlar hər zaman hakimiyyətdə olanda Qarabağla bağlı məsələlər gündəmə gəlir. Adını demokrat qoyanlar hakimiyyətə gələn kimi şeytanı işlərlə məşğul olur. Ona görə də ABŞ-ın sözügedən məktubda belə ifadə səsləndirməsi gözlənilən hal idi. Lakin “Dağlıq Qarabağ xalqı” sözü nə Baydenə, nə də ABŞ-a yaraşdı. Özünü dünyanın hegomonu hesab edən bir dövlətin belə cılız və xırda hislərlə Ermənistana yaranması onlara başucalığı gətirmir. Azərbaycanın ABŞ-ın bir çox ştatında güclü lobbisi yaranır və bu lobbilər getdikcə güclənir. Ermənilər 100 il, Azərbaycan isə 25 ildir ki, lobbiçiliklə məşğuldur. Biz 25 ildə ermənilərin 100 ildə gördüyü lobbiçilik qədər iş görə bilmişik. Ona görə də inanıram ki, bu məsələni də Azərbaycanın maraqları naminə həll edəcəyik!”.

Yeganə