Bu gündən tibb personalı Ağalıya köçürülür

34

Bu gündən Ailə sağlamlıq mərkəzinin tibbi personalı Ağalıya köçürülür.

Bu barədə Elchi.az-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

Z.Ədilova qeyd edib ki, Zəngilan rayonun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir:

“Mərkəzin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfəri çərçivəsində baş tutub.

Mərkəz Zəngilan Rayon Mərkəzi Xəstəxanasının struktur vahididir. Mərkəzdə tele-tibb sistemi vasitəsilə xəstənin arterial təzyiqi, qanda oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir”.

TƏBİB rəsmisinin sözlərinə görə, Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet mövcuddur”.

“Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspres laborator test cihazları, aspiratorla təchiz olunub”.