Bu günAzərbaycan teatr və kino aktrisası, Xalq artisti Sədayə Mustafayevanın doğum günüdür. SİA-nın məlumatına görə, Sədayə Mustafayeva 1926-cı il iyulun 15-də Şəki şəhərində anadan olub. Beşillik orta təhsilini bitirdikdən sonra Böyük Vətən müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb.
1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən çox maraqlı obrazlar qalereyası yaradıb.
“Vaqif” də Xuraman, Gulnar, “Aydın”da Gültəkin, “Pəri Cadu” da Pəri, “Solğun çiçəklər” də Sara, Pəri, Gülnisə, “Otello”da Emilya, “III-Riçard”da Yelizaveta, “Sokratla söhbətlər”də Ksantipa, “İtgin gəlin”də Səbihə, “Yad qızı”nda Həcər xanım, “Dairəni genişləndirin”də Aliyə, “Təbilçi qız”da Nila, “Kəndçi qız”da Bənövşə, “Dəli Kür”də Şahnigar, “Ana vüqarı”nda Ana, “Bəraət”də Rəşidə xanım, “Atayevlər ailəsi”ndə Dilşad xanim, “Xurşudbanu Natavan”da Natavan, “Qonşular”da Mətanət, “Almaz”da Almaz, “Sən həmişə mənimləsən”də Nargilə, “Mahnı dağlarda qaldı”da Rəxşəndə xanım və s. obrazları xalq artisti S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir.
İndi Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir. Xalq artisti S.Mustafayeva həmçinin “Azərbaycanfilm”in istehsalı olan 20-dən çox filmə çəkilib. 1958-ci ildə respublikanın Əməkdar artisti, 1981-ci ildə isə Xalq artisti fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Prezidentinin Fərdi təqaüdünə layiq görülüb. 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.
Xatırladaq ki, Sədayə xanm mərhum sənətkarımız Xalq artisti Məmməd Bürcəliyevin həyat yoldaşıdır.
Ceyhun Rasimoğlu