“Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə 4-cü dəfə bir araya gəliblər. Artıq görüşün başlaması ilə bağlı məlumatlar var, amma yekunlaşması ilə bağlı hələlik məlumat verilməyib”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Samir Hümbətov FB hesabında bildirib:
“Əlbəttə, bu görüşdən müəyyən gözləntilər var. Nəzərə alsaq ki, 3-cü görüş 22 May 2022-ci ildə keçrilmişdir tərəflər arasında və həmin görüşdə bir sıra ciddi razılıqlar əldə edilsə də, onların icrası baş tutmamış, əksinə tərəflər arasında, xüsusilə də Ermənistanın təxribatçı hərəkətləri ucbatından silahlı qarşıdurma da yaşanmışdır. 3 Avqusta Azərbaycan əsgərinin düşmənlər tərəfindən şəhid edilməsi ilə başlayan “Qisas” əməliyyatı öz bəhrəsini verdi. Eyni zamanda 10 Noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərindən irəli gələrək inşaası tamamlanmış 32 km-lik yeni alternativ yol istifadəyə verilmişdir. 26 Avqust 2022-ci ildə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya edilmiş Rusiya hərbiçilərinin də iştirakı ilə Laçın şəhərində, Zabux və Sus kəndlərində qalan ermənilər oradan çıxarılmış, həmin ərazilər Azərbaycanın nəzarətinə verilmişdir.
Dünən isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında Azərbaycan-Ermənistan dövlət sərhədlərinin delmitasiyası üzrə Moskvada görüş keçrilmişdir. Bu görüşlər bağlı tərəflərdən hansısa xüsusi açıqlama gəlməsə də, Rusiya XİN başçısı Sergey Lavrov açıqlama verərək bildirib ki, “Rusiya, Azərbaycan, Ermənistan Üçtərəfli İşçi Qrupu razılaşmaların əldə olunmasında mühüm irəliləyiş əldə edib”. Bu isə o deməkdir ki, tərəflər arasında bəzi məsələlərdə razılaşmaya meyllər hiss edilməkdədir. Hətta verilən məlumata əsasən tərəflərin, yəni Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında növbəti görüş Brüsseldə baş tutacaq və burada Rusiya iştirak etməyəcək. Bu isə o deməkdir ki, tərəflər məsələ üzərində bir də Rusiyası işləmək qərarı alıblar.
Burada önəmli olan digər məsələ həm də tərəflər arasında kommunikasiyaların açılmasıdır ki, məhz bu məsələ də Azərbaycan və Ermənistan rəhbərləri arasında müzakirə predmetinə çevrilə bilər. Əlbəttə bu gün baş tutan Brüssel görüşündə müzakirə ediləcək məsələlərin həm çoxluğunu həm də vacibliyini nəzərə alsaq, məsələ ilə bağlı nikbinliyimizi ifadə edə bilərik. Ən azından ona görə ki, görüşün təşkilatçısı və iştirakçısı olan Avropa İttifaqı tərəflərin nəticə əldə etməsində maraqlıdır.
Burda diqqəti çəkən digər önəmli məsələ rəsmi Bakının həmləsi və Avropa İttifaqının təzyiqləridir. Ona görə də gözləntilərimizi belə sıralamaq olar.
- Sərhədlərin delimitasiyası,
- Zəngəzur dəhlizinin açılması,
- Kommunikasiyaların qurulması,
4.I və II Qarabağ savaşından qalan hərbi və mülki əsirlərimizin taleyinə aydınlıq gətrilməsi, - Minaların xəritələrinin verilməsi,
- Erməni terrorçu dəstələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması,
- Sülh müqaviləsi üzərində işləmək və s.
Bütün bu qeyd edilənləri bugünkü Brüssel görüşündə müzakirə predmeti olması daha çox inandırıcı görünür ki, bu da münaqişənin yekun həllimə imkan yarada bilər. Əlbəttə ki, qonşu və region dövlətlərin Ermənistana pərdəarxası təzyiqləri baş verməzsə”.
Yeganə