Britaniya kəşfiyyatı: Rusiya hücum sürətini itirmək təhlükəsi ilə üzləşib

59

Rusiya qüvvələri Donbasda geniş cəbhə boyunca artilleriya zərbələrini davam etdirir və bəzi ərazilərdə kiçik bölmələr tərəfindən hücumlar həyata keçirir.

Elchi.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri Lisiçanskın ələ keçirilməsindən qazandığı hücum sürətini itirmək təhlükəsi ilə üzləşib.

Əlavə olunub ki, Rusiya qüvvələri tərəfindən istifadə edilən köhnəlmiş texnika və silahlar, həmçinin Sovet dövründən qalma taktikalar kütləvi şəkildə istifadə edilmədiyi müddətcə hücum sürəti qazandırmaq iqtidarında deyil.

Vurğulanıb ki, iyulun 13-də Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri arasında taxıl ixracı ilə bağlı danışıqlara və əsirlərin mübadiləsinə dair uğurlu müzakirələrə baxmayaraq münaqişəni başa çatdırmaq üçün geniş danışıqlar aparılması perspektivi aşağıdır.