Bu ilin dördüncü rübündə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun (AÇG) dərin laylarında yerləşən qazla bağlı əlavə məlumatın əldə olunması məqsədilə məlumat quyusunun qazılmasına başlamaq planlaşdırılır.
Elchi.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, quyunun qazılması dərin laylarda yerləşən qaz ilə bağlı əlavə məlumat əldə etməyə və bu sahədə işlərin hansı istiqamətdə gedəcəyi ilə bağlı qərarın verilməsinə imkan yaradacaq.
Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, hazırda AÇG-də hasilatın azalması müşahidə olunur və bu da yatağın qocalması ilə bağlıdır: “Hazırda yataqda hasilatın stabilləşdirilməsi istiqamətdə işlər aparılacaq, həmçinin yeni hasilat platformasının tikintisi (ACE) davam edir və indiyədək tikinti işlərinin 73 faizi yerinə yetirilib. Platformanın dayaq blokunun dənizə göndərilməsi bu ilin sonunadək nəzərdə tutulub, hasilata isə gələn ilin sonunadək başlanılacaq”.