Blinken və Stoltenberqdən Ankara-Afina MÜZAKİRƏSİ

58

ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının iclasına qatılıb.

Elchi.az xəbər verir ki, onlar görüş çərçivəsində Ankara və Afina arasındakı gərginliyi də müzakirə ediblər.

Onlar Türkiyə və Yunanıstanın fikir ayrılıqlarını dialoq yolu ilə həll etmələrinin vacib olduğunu vurğulayıblar.

Daha sonra təşkil edilən birgə mətbuat konfransında sualları cavablandıran Blinken Türkiyə və Yunanıstan arasında yaşanan gərginliklə bağlı suala belə cavab verib:

“Hər iki ölkə ABŞ-ın həyati müttəfiqləri və dostlarıdır. Ortada fikir ayrılıqları var. Biz istərdik ki, bu fikir ayrılıqları dialoq yolu ilə konstruktiv şəkildə həll olunsun. Keçmişdə də belə olub. Yenə də bu yolla həll edəcəklərini gözləyirik”.

İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini dəyərləndirən Blinken müttəfiqlər arasında üzvlüklə bağlı geniş konsensusun olduğunu və prosesin irəlilədiyinə inandığını bildirib.

Dövlət katibi Blinken hamının diqqətini Rusiyaya yönəltməli olduğunu və bu ölkənin transatlantik alyansdan kənarda təhlükə yaratdığını bəyan edib.

NATO-nun baş katibi Stoltenberq isə, “Türkiyə və Yunanıstan çox dəyərli iki müttəfiqdir. Onlar NATO-ya müxtəlif yollarla töhfə verirlər. Aralarındakı fikir ayrılıqları təbii ki, diplomatik yollarla həll edilməlidir” – söyləyib.