Bayden İsraildən Ukraynaya hərbi yardımı artırmağı xahiş edəcək

52

ABŞ Prezidenti Co Bayden İsraildən Ukraynaya hərbi yardımı artırmağı xahiş edəcək.

Elchi.az “Axios”a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə qeyd olunub.

Bildirilib ki, Prezident Bayden bu gün Yerusəlimdə İsrailin Baş naziri vəzifəsini icra edən Yair Lapidlə görüşdə ondan Ukraynaya hərbi yardımı artırmağı xahiş edəcək.

Qeyd edək ki, son aylardan etibarən İsrailin Moskvaya qarşı siyasəti dəyişib və Rusiyanın fevralda işğala başladığı vaxtdan bəri daha çox Ukraynayönümlü mövqe tutmağa başlayıb. Ancaq İsrail indiyədək Ukraynaya qabaqcıl silahlar verməyib.

Ukrayna bir neçə dəfə İsraildən anti-dron sistemləri istəsə də, İsrail tərəfi buna qarşılıq verməyib. Müharibədən əvvəl İsrail bu sistemləri Ukraynaya satmağa razılaşsa da, işğal başlayanda İsrail satış lisenziyasını dondurub.

İki həftə əvvəl Baş nazir səlahiyyətlərini icra etməyə başlayan Yair Lapid işğal başlayandan bəri Rusiyaya qarşı daha sərt mövqe tutub.

Xatırladaq ki, Baydenin səfərindən əvvəl İsrailin müdafiə naziri Benni Qantz Ukraynadakı fövqəladə və mülki təşkilatlara əlavə yardım paketinin çatdırılmasını təsdiqləyib.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, yardım paketinə 1500 dəbilqə, 1500 qoruyucu jilet, minalardan təmizləmə üçün yüzlərlə qoruyucu geyim, 1000 qaz maskası və digər avadanlıqlar daxildir.