Bakıya təyinat alan türkmən səfir həkim imiş… – DOSYE

70

Türkmənistan Azərbaycana yeni səfir təyin edib. Bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov fərman imzalayıb. Fərmana əsasən, Qurbanmamet Elyasov Azərbaycana səfir təyin olunub.

Yeni səfir kimdir?

Elchi.az-ın məlumatına görə, Bakıya təyinat alan səfir ixtisasca həkimdir. Azərbaycana səfir təyin olunmamışdan əvvəl Türkmənistanın Yaponiyadakı, eləcə də Filippindəki səfiri olub. O, 2010-2013-cü illərdə Türkmənistanın səhiyyə və tibb sənayesi naziri vəzifəsində çalışıb.

Diplomat 1983-cü ilə qədər Türkmən Dövlət Tibb İnstitutunda təhsil alıb.

1983-1995-ci illərdə Nebit-Dağ xəstəxanalarında həkim işləyib. 1995-2001-ci illərdə həmin şəhərlərdə diaqnostika mərkəzlərinə rəhbərlik edib. Daha sonra 2001-2007-ci illərdə Türkmənistan Tibbi-Məsləhət Mərkəzinin direktoru vəzifəsində çalışıb.

2007-2009-cu illərdə səhiyyə və tibb sənayesi nazirinin müavini olub.

2009-2010-cu illərdə Türkmənistanın İdman və Turizm üzrə Dövlət Komitəsinə rəhbərlik edib. 2010-2013-cü illərdə Türkmənistanın səhiyyə və tibb sənayesi naziri vəzifəsində çalışıb.

O, 2013-cü ilin oktyabrında Türkmənistanın Yaponiyadakı səfiri təyin edilib, 2019-cu ilin yanvarından həm də Türkmənistanın Filippindəki səfiri olub.

Ailəlidir, iki oğlu var.