Virtualaz.org saytının paytaxtın marketlərində monitorinqlər aparan müxbirləri xəbər verir ki, qiymət artımı bütün markalardan olan siqaretləri əhatə edir. Lakin markaya görə bəzi fərqlər də var.
Məsələn, şəhərin mərkəzindəki dükanlarda bu gün səhər 2 manata olan “Sobranie” markalı siqaretin bir qutusu axşama doğru artıq 2 manat 60 qəpiyə satılıb. Halbuki həmin siqaretlər metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı köşklərdə 2 manat 50 qəpiyə satılıb. Yasamalın yaşayış massivlərində isə bu siqaret 2 manat 20 qəpiyə təklif olunub.
Digər siqaret markalarına gəlincə isə qiymət artımı 10-60 qəpik arasında dəyişib.
Çox maraqlıdır ki, bu qiymət artımının heç bir əsası yoxdur. Axı mağazalar həmin məhsulları köhnə qiymətlərlə alıblar. Bu da bəzi işbazların əslində yaranmış vəziyyətdən sui-istifadə etməsi deməkdir. Qiymətlərin sabah necə olacağını isə heç kim bilmir.