Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir

32

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir.

Elchi.az-ın xəbərinə görə, Sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi iştirak edir.

Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilib.

Sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edib.

Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər. Sammit çərçivəsində Qala Etnoqrafik Muzeyinə ziyarət, həmçinin mədəniyyətlərarası mübadilə tədbiri də baş tutacaq.

Sammitin bağlanış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur.

Sammitin sonuncu günü iştirakçıların Şuşa şəhərinə səfər etməsi planlaşdırılır.

Tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, Sammit müddətində iştirakçılar ötən ilin noyabr ayında təsis edilmiş QH Gənclər Şəbəkəsinin beynəlxalq təşkilata çevrilməsi məsələsini müzakirə edəcək və bu xüsusda müvafiq razılıq əldə olunarsa, Şuşa şəhərində Şəbəkənin Təşkilata çevrilməsi, eləcə də yaranacaq Təşkilatın loqo və bayrağının təsdiqlənməsi barədə qərar qəbul edilməsi gözlənilir.

Sammit iyulun 29-da yekunlaşacaq.