Bakıda 2 il əvvəl törədilmiş qətlin üstü açıldı

34

Polis və prokurorluq orqanları əməkdaşlarının əvvəlki illərdən bağlı qalan cinayətlərin açılması istiqamətində keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən növbəti ağır cinayətin üstü açılıb.

Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, 2020-ci il oktyabr ayının 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramovun üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb.

Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar – Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov tutularaq istintaqa təhvil verilib.

R.Feyziyev və T.Ələkbərov isə Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırlar.