Bakı-Tiflis-Qarsdan daha səmərəli istifadə etmək istəyirik

36

Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə mühüm layihələr həyata keçirirlər. Buraya Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələr daxildir. Birlikdə Bakı-Tiflis-Qars dəmir yolundan daha səmərəli istifadə etmək istəyirik.
Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Nazir Mövlud Çavuşoğlu deyib ki, mərkəzi dəhlizlə əlaqədar Azərbaycan, Türkiyə və Gürcüstan coğrafi baxımdan əhəmiyyəti getdikcə artır. Enerji təhlükəsizliyi və logistika istiqamətində birgə fəaliyyətimiz əhəmiyyətlidir.
Region ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair ümumi məlumat verən türkiyəli nazir deyib ki, məqsəd Cənubi Qafqazda davamlı sülhə nail olmaqdır.
Türkiyəyə səfərindən məmnunluğunu ifadə edən nazir İlia Darçiaşvili iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafını, eləcə də birgə layihələrin regional əhəmiyyətini yüksək dəyərləndirib. Türkiyə ilə Gürcüstan arasında əməkdaşlıq imkanları çox perspektivlidir.
Qonşuluq münasibətlərinin örnək olduğunu vurğulayan nazirlər jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Rusiya ilə Ukrayna arasında müharibənin başlamaması, savaş başlayandan sonra tərəflərin danışıqlar masası arxasında oturması, problemin danışıqlar yolu ilə həll edilməsi, sülh prosesi, o cümlədən Qara dənizdə taxıl daşınması məqsədilə dəhlizinin açılması üçün Türkiyənin göstərdiyi səylərdən bəhs edən nazir Mövlud Çavuşoğlu bildirib ki, ölkəsinin sərgilədiyi mövqe münaqişə tərəfləri daxil olmaqla, bütün dünya üçün əhəmiyyət daşıyır.