“Neçə gündür ki, nəqliyyat ekspertləri və adi adamlar da Bakıda dərslər başlayandan sonra bizi gözləyən ağır günlərin anonsunu verirlər.
Dediklərinə görə, şəhər başdan-başa tıxaclara əsir olacaq”.
Elchi.az xəbər verir ki, bu barədə jurnalist Mir Səməd Feysbuk hesabında qeyd edib.
“Mən təzə öyrənmişəm ki, sən demə şirkətlər Bakıda nəqliyyat sferasında fəaliyyət göstərmək istəmirlər. Sərf etmir indiki yanacaq və ehtiyat hissələrinin qiymətlərinin artırılması fonunda şəhərdə avtobus işlətmək.
Əvvəllər isə əksinə idi.
Metro da inkişaf etmir. Bizdən sonra metropoliten tikmiş şəhərlər var, stansiyaların sayı iki dəfə bizdən çoxdur.
Bakı kimi şəhərdə gərək ən azı 50-60 metro stansiyası olsun.
Tramvay və trolleybusun üstündən çoxdan xətt çəkmişik.
Keçən il də bu fikri bildirmişdim, yenə də eyni düşüncədəyəm. Xoşbəxt o insandır ki, uşağı məktəbə evinin yanında gedir, öz işi isə ən azı evi ilə eyni rayonda, eyni istiqamətdədir.
Uşaqlara, öz vaxtınıza, enerjinizə yazığınız gəlsin, hər gün iki saat onları boş-boşuna israf etməyin.
Bir də, əmin olun, Bakıda bütün ümumtəhsil məktəblərinin səviyyəsi cüzi fərqlərlə eynidir…”.
Yeganə