Bakı erməni təxribatlarına hansı cavabı HAZIRLAYIR…

37

“Ermənilərin həm Ermənistan-Azərbaycan sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdən atəşkəsi intensiv pozması, müxtəlif təxribatlara əl atması təbii olaraq, Azərbaycanı da adekvat və təsirli addımlar atmağa vadar edir”.

Elchi.az xəbər verir ki, bunu Modern.az-a erməni təxribatlarından və müharibə vəziyyətinin bərpa olunacağı haqqında iddialardan danışan hərbi ekspert Ədalət Verdiyev bildirib.

O qeyd edib ki, 21 ay 22 gün əvvəl rus sülhməramlılarının nəzarətindəki ərazilərdən çıxarılmalı olan ermənilərin hələ də həmin ərazilərdə qalması, üstəlik döyüş mövqeləri hazırlayıb, oradan Azərbaycan ordusunun birbaşa nəzarətindəki ərazilərə, hərbçilərimizə atəş açması tərəfimizdən separatçı rejimin daha təsirli və səmərəli şəkildə cəzalandırılmasını şərtləndirir:

“Zəngəzur dəhlizinin bu günə qədər açılmaması, rusların nəzarətində olan ərazilərdən erməni silahlılarının çıxarılmaması, həmçinin Azərbaycanlı əhalinin doğma yurd-yuvalarına qayıtmaması Ermənistanın birgə bəyanatda üzərinə götürdüyü məsələləri yerinə yetirməməsi kimi də dəyərləndirilə bilər. Bu isə Azərbaycanın da həmin birgə bəyanatdan imzasını geri çəkməsinə, başqa sözlə desək, vəziyyətin 9 noyabr 2020-ci il tarixinə qayıtmasına səbəb ola bilər.

Baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistan və rusların müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarında hələ də mövcud olan qanunsuz rejim təxribat fəaliyyətlərindən əl çəkmək niyyətində deyil. Onlar bu əməllərində ən qısa müddətdə dəyişiklik etməsələr, ciddi şəkildə Azərbaycan tərəfindən cəzalandırılacaqlar”.

Qeyd edək ki, son günlər Azərbaycan ordusunun mövqeləri müxtəlif istiqamətlərdə atəşə tutulub. Qarşı tərəf cavab tədbirləri nəticəsində susdurulsa da, erməni təxribatları davam etdirirlər.