Bahalı başdaşıları qoymaq yasaq edilir

44

Sumqayıtda hüzr üçün hazırlanan yeməklər Saray qəsəbəsində yerləşən 7 saylı internat evinə aparıblarimg1631750

Ölkədə təmtəraqlı yas mərasimlərinə qadağa qoyulması barədə hər gün yeni xəbərlər gəlməkdədir. Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyması haqda “Yeni Müsavat”da məlumat vermişdik. İcra başçısının müvafiq tapşırığından sonra icra hakimiyyətinin nümayəndələri şəhərdəki yas mərasimlərinə ciddi nəzarət edirlər.

Sakinlərin bildirdiyinə görə, bir neçə gün bundan öncə Sumqayıtda yas mərasimi keçirilən zaman icra nümayəndələri gələrək, mərasim üçün hazırlanmış yeməkləri, meyvə-tərəvəzi müsadirə edib uşaq evinə aparıblar. Bunu yasda iştirak edən insanlar da təsdiq ediblər.
Onlar bildiriblər ki, icra nümayəndələri ev sahiblərindən bir nəfərin iştirakı ilə xörək qazanlarını Saray qəsəbəsində yerləşən 7 saylı internat evinə aparıblar.
Azvision.az-a daxil olan digər məlumata görə, icra nümayəndələri yaslarda bu kimi halların qarşısını almaq üçün sakinlərə cərimə tətbiq edəcəklərini bildiriblər.
Onların sözlərinə görə, təmtəraqları yas mərasimlərinə görə, sakinlər 400 manat cərimələnəcəklər.
Bir daha qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.
Modern.az saytının əldə etdiyi məlumata görə isə  hüzr mərasimlərində “yemək-içmək” məsələsinin həllindən sonra qəbiristanlıq problemlərinə də “əncam çəkiləcək”.
Belə ki, qəbiristanlıqlarda dəbdəbəli başdaşlarının qoyulmasını əngəlləmək üçün müvafiq orqanlar tərəfindən göstəriş verilib.
Aldığımız məlumata görə, bu işlə məşğul olan ayrı-ayrı sahibkarların hazırda çətin vəziyyətdə qaldığı bildirilir. Belə ki, onların ölülərə abidə düzəldilməsi məqsədilə  xaricdən sifariş etdikləri bahalı daşların ölkəyə girişinə qadağa qoyulub.
Ümid edək ki, bundan sonra ölülərimiz həm İslam qaydalarına müvafiq dəfn olunacaq, həm də özündən sonrakıları çəkilən ağır xərclərlə “öldürməyəcək”
Deputat Fazil Mustafa yas mərasimlərindən sonra toyların keçirilməsinə də  xüsusi nəzarətin qoyulmasını istəyir.  “500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən toyu tez tərk etməsinin qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir?
Buyurun, mədəniyyət naziri, siz də bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu menyu terrorunu dayandıra biləcəksinizmi? Yaxşı nümunəni çox vaxt Türkiyədən gətirməyə məcbur oluruq. Bir dəfə tanınmış imkanlı adamını toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada insanlar sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir və sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə də inanmazlar. Ona görə də bu sahədə də ayıbımızı mütləq düzəltməliyik” deyə, F.Mustafa öz yazısında qeyd edib.