Bəlkə kiminsə xəbəri yoxdur, lakin bu ölkə… – Şəfiyev

35

Sosial şəbəkələrdə bəzi siyasətçilər və fəallar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlı olduğunu iddia edir və bu məsələdə Azərbaycan hökumətini günahlandırırlar.
Elchi.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri (BMTM) Fərid Şəfiyev ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirərkən deyib.
“Təbii ki, onlar Azərbaycana qarşı məlum 907-ci düzəlişin 1992-ci ildə məhz həmin Konqresdə o dövrdə Azərbaycanda hakimiyyətdə olan Elçibəy hökumətinə qarşı qəbul edildiyini unudublar. Həmin il Ermənistanın Azərbaycana qarşı təcavüzü başladı və erməni birləşmələri Xocalıda soyqırımı törətdilər. Həmin fəallar bəlkə ABŞ və Fransa nümayəndələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə, məsələn Şuşaya niyə səfər etmədiklərini də izah edə bilərlər. Bəlkə bu hökumət onların yolunu bağlayıb? ABŞ nümayəndəsi ən son nə zaman Azərbaycanın ərazi bütövlüyünün Ermənistanın təcavüzündən qorunmalı olduğuna dair fikir səsləndirib? Onlar bunu heç 1992-1993-cü illərdə də deməmişdilər. Halbuki, Birinci Qarabağ müharibəsində Ermənistana kimin hərbi dəstək göstərdiyi və 2016-cı ildə Azərbaycana kimin təzyiq etdiyi bəlli idi”, – F.Şəfiyev vurğulayıb.
Fərid Şəfiyevin sözlərinə görə, bu günə qədər bizim bütün nailiyyətlərimiz, o cümlədən İkinci Qarabağ müharibəsindəki Qələbəmiz yalnız güc hesabına qazanılıb. İşğalçı Ermənistan torpaqlarımızı öz istəyi ilə tərk etməyib.
“Bəlkə kiminsə xəbəri yoxdur, lakin təəssüflər olsun ki, bu ölkə Azərbaycana qarşı iddialarından əl çəkməyib, hətta Brüsseldə bu və ya digər formada qondarma Dağlıq Qarabağ məsələsini gündəmə gətirməyə çalışıb. Bu işdə Fransa və ABŞ da Minsk qrupunun fəaliyyətinin bərpası məqsədilə müəyyən mənada Ermənistana kömək edirlər. Rusiyanın maraqları isə təbii ki, öz yerindədir”, – deyə BMTM-in sədri qeyd edib.
Fərid Şəfiyev Azərbaycan xalqının bu günlərdə yenə şəhidlər verdiyini diqqətə çatdıraraq deyib: “Bütün məsələləri yaxın zamanlarda həll etməliyik. Problemlər gələcək nəslə miras qalmamalıdır. Reallıqdan uzaq olan şərhlərə uymamalıyıq.
Azərbaycan xalqı çox çətin dövr yaşayıb, faciələr görüb. Ölkə daxilində biz hər hansı məsələ ilə bağlı mübahisə edə bilərik, amma xarici təzyiq və təhdidlərə qarşı birləşməliyik”.