“Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin hay faşizminin bir daha baş qaldırmasına imkan verilməyəcəyi haqda xəbərdarlığını gözardı etməyin nə demək olduğunu, hər kəs, ilk növbədə də üzərinə götürdüyü öhdəlikdən boyun qaçıran Ermənistan gördü. Azərbaycan ordusu döyüş meydanında növbəti dəfə sərgilədi ki, hərbi-texniki təminat və peşəkarlıq baxımından iki il bundan əvvəlkindən də güclüdür, üstündür”.
Elchi.az bildirir ki, bu barədə millət vəkili Sahib Alıyev FB hesabında qeyd edib:
“Açıq hiss olunur ki, cəmiyyət iki il bundan öncə necə idisə, indi də o cür yekdildir, dövlətin və ordunun yanındadır. Hər bir azərbaycanlı, qərbdəki və Tehrandakı bəlli çevrələrə bağlı ünsürlər deyil, bəli məhz azərbaycanlı, Azərbaycanladır.
Rəsmilərinin açıqlamalarıyla təsdiqlədilər ki, Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada üzərlərinə guya vasitəçilik missiyası götürən ABŞ-la Fransa heç vaxt obyektiv olmadıqları kimi yenə də elədirlər və indi daha betərdilər. Elə həm də bu üzdən regiona təsirlərini də get-gedə itirirlər.
Ermənistanın növbəti dəfə burnun əzilməsindən ən çox narahatlıq keçirib əl-ayağa düşən İrandır. İran haylara Ermənistanın forpostluq etdiyi Rusiyadan daha çox müttəfiqliyini sərgiləməyə çalışır ki, bu, molla rejiminin sosial şəbəkədə sülənən troll dəstəsinin hərəkətində də açıq-aydın sezilir.
Hayların ayıq başlıları yəqin anlamamış olmadılar ki, bəzi dövlətlərin rəsmiləri Paşinyanın yalvarışlı gecə zənglərinə görə deyil, məhz öz siyasi və geosiyasi maraqları tələb etdiyi üçün onların qulaqlarına xoş gələn açıqlamalar səsləndirsələr də, söhbət əməldən gedirsə, Ermənistan gücsüz olduğu qədər də təkdir.
Ən əsası “Qətiyyətli cavab” əməliyyatı göstərdi ki, millətinin başı dik gəzməsi üçün yenə hər şeyi göz önünə alan necə şərəfli oğullarımız var. Bu döyüşlərdə canlarından keçən 50 şəhidimizin, o uca məqamlıların ruhlarını şad etmək indi bizim həyat prinsipimiz olmalıdır. Hay faşizminə əbədi son qoyulmalıdır”.
Yeganə