Dünən Şəmkir rayon Məhkəməsindən qaçan Eşqin Murtuzov tutulub. Bu barədə Lent.az-a Gəncə şəhər sakini, qətlə yetirilmiş Namiq Babayevin həyat yoldaşı Şəfəq Cəfərova məlumat verib. Bu ilin yanvarında Şəmkir rayonu ərazisində Gəncə sakini olan taksi sürücüsünü quldurluq zəminində öldürüb, avtomobilini ələ keçirən 21 yaşlı E.Murtuzov bu gün günorta saatlarında doğulduğu Seyfəli kəndində yaxalanıb. Polislər əməliyyat məlumatı əsasında kəndi mühasirəyə alıb. Dağlıq ərazi istiqamətindən doğulub böyüdüyü evə yaxınlaşan E.Murtuzov yaxalanacağını görüb yarımçıq tikiliyə sıxınıb. Polislər ondan təslim olmasını tələb edib. Qaça bilməyəcəyini görən gənc təslim olub.
*****
12:18
Şəmkir rayon Məhkəməsində insident baş verib. Lent.az xəbər verir ki, bu ilin yanvarında Şəmkir rayonu ərazisində Gəncə şəhər sakini olan taksi sürücüsü, 59 yaşlı Namiq Babayevi quldurluq zəminində qətlə yetirən 21 yaşlı Eşqin Murtuzov dünən Şəmkir rayon Məhkəməsindən qaçıb. N.Babayevin həyat yoldaşı Şəfəq Cəfərova bildirib ki, dünən E.Murtuzov istintaq müddəti üçün barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı Gəncə İstintaq Təcridxanasından Şəmkir rayon Məhkəməsinə gətirilib. Məhkəmənin koridorunda nəzarətsiz qalan məhbus tez pəncərə istiqamətindən qaçıb.
Şəfəq Cəfərova iddia edib ki, E.Murtuzov qaçma planını əvvəlcədən hazırlayıb və ona kömək edənlər olub.
Hazırda onun tutulması istiqamətində iş aparılır.
Qeyd edək ki, bu il yanvarın 11-də Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gəncədə taksiyə minib və maşınla Şəmkirə gəlib. Burada o, sürücü Gəncə şəhər sakini, 4 uşaq atası olan 1958-ci il təvəllüdlü Bayaev Namiq Əli oğlunu bıçaqlayaraq maşının əlində alıb. Daha sonra avtomobili dəyər-dəyməzinə satan E.Murtuzov cinayətdən 5 gün sonra tutulub. N.Babayev isə qan içində Şəmkirdəki yanacaqdoldurma məntəqəsinə gələndən sonra xəstəxanaya yerləşdirilib və 3 gün sonra vəfat edib.