” “Laçın dəhlizi” anlayışının Azərbaycan qanunvericiliyində heç bir hüquqi dayanağı yoxdur. Azərbaycan dövlətnin bu dəhlizin mövcudluğu haqqında heç bir qanun şəklində qərarı olmayıb”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib:
“Azərbaycan özünü 1918-ci ildə qurulmuş ADR-in (Azərbaycan Demokratik Respublikası) varisi elan edib və bundan sonra da onun davamçısı kimi beynəlxalq aləmdə tanınıb.
Bu durumda “Laçın dəhlizi” termininin Azərbaycan qanunvericiliyində qarşılığı olmadığı üçün bundan imtina edilməli və bu yolun yeni hüquqi əsasları hazırlanmalıdır. İndiyə kimi bunun üçün zəmin olmayıb, çünki bu ərazi de-fakto Ermənistanın işğalı altında olub və bu barədə de-yure qərar vermək məqsədəuyğun olmayıb. İndi isə durum başqadır. Ərazi işğaldan azad edilib, faktiki olaraq Azərbaycanın bu ərazi üzərində nəzarəti bərpa edildiyi üçün bu yola hüquqi statusun verilmısi və ya verilməməsi indi gündəmə gələ bilər.
Azərbaycan ərazisindən bir neçə regional əhəmiyyətli yollar keçir. Bu baxımdan, Ermənistanla əlaqə üçün yolun niyə hansısa başqa adı olmalıdır? Qarabağın ərazisindəki erməni əhali gec-tez Azərbaycan vətəndaşlığını bu və ya digər formada qəbul edəcəyi üçün onların və digərlərinin Ermənistanla əlaqəsi digər Azərbaycan ərazisindəki yollar kimi olmalıdır. Bunun üçün xüsusi statuslu yol və ya dəhliz anlayışına ehtiyac yoxdur.
Əgər Ermənistan Qərbi Zəngəzurdan keçən və Naxçıvanla Azərbaycanı birləşdirməli olan yola bu yanaşmanı tələb edirsə, bizim cavabımız da eyni olmalıdır.
“Laçın dəhlizi” deyilən məfhumu Azərbaycan tərəfi qəbul etməyib. Bu, Sovet İttifaqının qərarı olub. Biz isə bu qərarları tanımırıq”.
Yeganə