Azərbaycanın üç aparıcı holdinqi SOCAR-dan səhm alır

14

Azərbaycanın üç aparıcı holdinqi “SOCAR-Polymer”də səhm alır.

socarAPA bildirir ki, bunu “SOCAR-Polymer” MMC-nin baş direktor müavini Emil Eminov bildirib. E. Eminovun sözlərinə görə, “SOCAR-Polymer”in əsas səhmdarı SOCAR-dır.

“Bundan başqa, layihəyə ölkənin 3 əsas holdinqi – “PASHA Holding”, “Gilan Holding” və “Azersun Holding” də cəlb olunacaq. Layihənin 40% kapitalını bu şirkətlər ödəyəcək”, – deyə baş direktorun müavini qeyd edib.

Xəbər verdiyimiz kimi, bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya işgüzar görüşü zamanı İtaliyanın “Maire Technimont” Mühəndislik Şirkətlər Qrupu və Azərbaycanın “SOCAR-Polymer” arasında dəyəri 350 mln. avro olan Sumqayıt Polipropilen zavodunun inşası layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində mühəndislik, təchizat, quraşdırma və tikinti işlərinin görülməsi nəzərdə tutulur.

İllik gücü 180 min ton təşkil edəcək polipropilen zavodu mövcud naftanın krekinqi nəticəsində alınan propilenin xammal kimi istifadə edilməsinə imkan verəcək. Azərbaycanın ilk propilen zavodu olacaq bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkında tikilməsi planlaşdırılır.

Polipropilen-qablaşdırma, tekstil, dəftərxana ləvazimatı, avtomobil komponentləri, elektron və elektrik texnikası və digər məqsədlər üçün istifadə olunan əsas məhsuldur.

Hazırda Azərbaycan polipropilen və yüksək sıxlıqlı polietileni xaricdən idxal edir.

“SOCAR-Polymer” layihəsinin həyata keçirilməsi bu vacib məhsulun ölkəmizdə istehsal olunmasına imkan yaradacaq.

Emil Eminov bildirib ki, müqavilənin şərtlərinə görə, 2017-ci ilin sonuna polipropilen zavodu tam hazır olmalıdır. 2018-ci ilin sonuna isə polietilen zavodunun inşası başa çatacaq.

O bildirib ki, layihənin maliyyələşdirilməsində heç bir problem olmayacaq və layihə vaxtında icra olunacaq: “Layihədə istehsal olunacaq məhsulların 30%-i yerli bazara çıxarılacaq. Qalan 70% isə “SOCAR-Trading” vasitəsi ilə dünya bazarlarına ixrac olunacaq”.