Azərbaycana gələn turistlərin sayı 2,3 dəfə artıb

62

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Elchi.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, gələnlərin 26,4 faizi Rusiya Federasiyası, 21 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,0 faizi Pakistan, 2,6 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi Qazaxıstan, 1,5 faizi Küveyt, hər birindən 1,4 faiz olmaqla İsrail və Oman, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 faizi isə digər ölkələrin vətəndaşları olub. Ölkəyə səfər edənlərin 75,3 faizini kişilər, 24,7 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 351,2 dəfə, Küveytdən – 166,6 dəfə, Omandan – 156,9 dəfə, Pakistandan – 31,9 dəfə, Hindistandan – 18,2 dəfə, Bəhreyndən – 8,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 7,3 dəfə, İsraildən – 7,1 dəfə, Qazaxıstandan – 5,8 dəfə, ABŞ-dan – 4,4 dəfə, Almaniyadan – 3,2 dəfə, Fransadan – 2,8 dəfə, Böyük Britaniyadan – 2,1 dəfə, Türkiyədən – 1,9 dəfə, İrandan – 1,8 dəfə, Ukraynadan – 1,7 dəfə, Rusiya Federasiyasından – 1,7 dəfə, Gürcüstandan – 22,5 faiz artmışdır.

2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 202,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 41,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 278,7 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62,0 faizi hava, 36,4 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,0 dəfə artaraq 829,4 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 23,2 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,9 faizi Türkiyəyə, 16,6 faizi Rusiya Federasiyasına, 12,2 faizi İrana, 8,3 faizi Gürcüstana, 15,0 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,8 faizini kişilər, 35,2 faizini qadınlar təşkil edib.

2022-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 60,1 faizi hava, 37,3 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.