Azərbaycan Ümumdünya Oyunlarında postsovet ölkələri arasında üçüncü olub

54

Azərbaycan yığmasının ABŞ-ın Birminqem şəhərində keçirilmiş XI Ümumdünya Oyunlarındakı yekun mövqeyi müəyyənləşib.

Yarışı 1 qızıl və 1 bürünc medalla başa vuran milli komanda medal sıralamasında Litva ilə birlikdə 45-ci pilləni bölüşüb.

Ümumilikdə Azərbaycan post-sovet məkanında 3-cü olub. Yalnız Ukrayna (16-12-17) və Qazaxıstan (1-2-1) bu nəticədə Azərbaycanı qabaqlayıb. İslam ölkələri arasında isə Azərbaycan Misir, İndoneziya, BƏƏ, Qazaxıstan və Bruneydən sonra 6-cı olub.

Ən yaxşı nəticəyə Almaniya millisi imza atıb. 47 medal qazanan Bundestim 24 qızıl, 7 gümüş və 16 bürünc medalla birinci olub. Meydan sahibi ABŞ 44 medalla (16-18-10) ikinci, Ukrayna 45 medalla (16-12-17) üçüncü yerə çıxıb. Ən çox medal qazanan komanda isə İtaliya olub – 49 medal (13-24-12).

Qeyd edək ki, Azərbaycan XI Ümumdünya Oyunlarında 15 idmançı ilə təmsil olunub. Bunlardan 10-u aerobika gimnastları, 3-ü karateçi, 1-i kikboksçu və 1-i bədii gimnast olub. Yalnız 91 kq-dan yuxarı çəki dərəcəsində döyüşən kikboksçu Bəhram Rəcəbzadə qızıl medal qazanıb.

Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Rauf Hacıyev, Sənan Mahmudlu, Nigar Mir Cəlallı, Nəzrin Mustafayeva və Ayxan Əhmədlidən ibarət gimnast komandası aerobikanın rəqs növü üzrə bürünc medala layiq görülüb.

Növbəti – XII Ümumdünya Oyunları 2025-ci ildə Çinin Çendu şəhərində keçiriləcək.