“Azərbaycan nüvə başlıqlı raketlərə malik olmalıdır” – ekspetdən ilginc təklif

133

Minsk Qrupunun həmsədr dövlətləri işğalçı ölkənin azğınlaşmasına nəinki reaksiya vermir, üstəlik, ona dəstək verirlərsə, Bakının hərbdən başqa çıxış yolu qalmır; ekspert: “Artıq münaqişənin həllində diktə edən tərəf Azərbaycandır”
Qarabağ danışıqlarının Ermənistanın həyasız davranışları səbəbindən faktiki olaraq dayandırıldığı bir dönəmdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işğala stimul verən davranışlar sərgiləməsi Azərbaycanı narahat etməyə bilməz. Qəribəsi budur ki, Azərbaycana “sülhün alternativi yoxdur”, tövsiyəsini verən Qərb, xüsusilə də həmsədr ölkələr işğalçı Ermənistanın yeni silahlar əldə etməsinə, ölkəmizə yönəlik təhdidlərinə reaksiyasız qalmaqdadırlar.

İşğalçı ölkənin “İsgəndər” raketləri ilə təchiz olunmasına susan beynəlxalq birlik Ermənistanın “Verba” raket kompleksi almasını da sakit qarşıladı. Aprel müharibəsindən sonra ABŞ-ın Ermənistana təmas xəttində yerləşdirmək üçün gecəgörmə cihazları göndərməsi düşməni xeyli həvəsləndirib. Düzdür, Azərbaycan ordusu ən müasir avadanlıqlara, silah-sursata sahibdir. Amma özünü tərəfsiz sayan həmsədrlərin bu davranışları heç cür qəbulolunan deyil. Hətta ermənilərin bununla bağlı açıq etirafından sonra ABŞ-ın ölkəmizdəki səfirinin XİN-ə çağırılması, ona etirazın təqdim olunması təklifləri də var.
İkinci həmsədr Rusiya da işğalı stimullaşdıran addımlarını artırıb. “Verba” hədiyyəsindən sonra Rusiya Ermənistandakı hərbi qüvvələrinin təlimlərinə start verib. Eyni zamanda Moskvada keçirilən yubiley mərasimində XİN rəhbəri Sergey Lavrovun Qarabağ separatçılarının lideri Bako Saakyanla bir məclisi paylaşması da Azərbaycanda sərt etirazlar doğurub. Bundan əvvəl Qarabağ separatçılarına idman və ya şou yarışlarında qucaq açan Moskva bu dəfə separatçı lideri ağuşuna almaqla nə dərəcədə tərəfsiz olduğunu nümayiş etdirib. Əslində bununla S.Lavrov “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” mövqeyini bir daha qətiləşdirmiş olub.
Üçüncü həmsədr dövlət Fransaya gəldikdə, burada da ermənipərəstlik açıq-aydın nümayiş olunmaqdadır. Fransada prezident seçkiləri yaxınlaşdıqca bəzi namizədlər erməni elektoratın səsi uğrunda ən axmaq təkliflər, iddialar səsləndirirlər. Parisdəki “Nouvelles d’Armenie” nəşrinə müsahibəsində prezidentliyə namizəd Fransua Fion iddia edib ki, “2016-cı ilin aprelində Azərbaycan güc yolu ilə Dağlıq Qarabağı ələ keçirməyı cəhd edib”. Qarabağı “barıt çəlləyi” adlandıran fransız siyasətçi ardınca özünü “çoxbilmiş” kimi göstərməyə uğursuz cəhd edib. “Yaddan çıxarmaq lazım deyil ki, Dağlıq Qarabağın statusu problemi Stalinin üzündən yaranıb. Stalin 1921-ci ildə Dağlıq Qarabağı özbaşına Ermənistandan qopararaq, Azərbaycana verib. İndi BMT-nin köməyi ilə dinc və davamlı nizamlama tapmaqdan savayı seçim yoxdur”, – prezidentliyə iddiaçı bildirib. Ancaq tarixdən az-çox xəbəri olanlar bilir ki, bu, sadəcə, sərsəmləmədir, hətta Ermənistanın indiki əraziləri də Stalindən öncə Azərbaycana məxsus olub. Sonrakı illərdə ərazilərimiz yenə sovetlər tərəfindən qəsb olunub Ermənistana calaşdırıldı və Azərbaycan ərazisi 86,6 kv.km-ədək kiçildi. Fransua Fionun ardınca Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədri Marin Le Pen də ermənilərin xoşuna gəlməyə çalışıb. “Qarabağ konfliktinin həlli üçün Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”, – deyə sərsəmləyib (axar.az) Ancaq hakimiyyətinin sonlarını yaşayan Fransua Olland da qış aylarında ermənilərlə görüşdə Dağlıq Qarabağ ermənilərinə “öz müqəddəratını təyinetmə” hüququnun verilməsi zərurətindən danışmaqla Bakının sərt etirazına səbəb olmuşdu. Qondarma “DQR”in ən böyük nümayəndəliyinin məhz Parisdə olması da çox şeyi deyir.
Rəsmi Bakı isə hələlik Fransada səslənən anti-Azərbaycan bəyanatlara reaksiya vermir. XİN-dən suallarımıza cavab almaq cəhdimiz də nəticə vermədi.
Erməni işğalçıları məhz belə dəstəyi gördükcə daha da azğınlaşırlar. “Azərbaycan hətta Avrasiya İttifaqına daxil olsa belə, Qarabağı almayacaq”. Hüquq və Siyasət İnstitutunun direktoru Larisa Alaverdyan bu iddia ilə çıxış edib. Onun fikrincə, Azərbaycanın Avrasiya İttifaqında potensial iştirakı kontekstində Qarabağ mövzusu gərəksiz qabardılır. Görünən budur ki, Ermənistanın KTMT-yə baş katibliyi ələ alması işğalçını daha sərt mövqe sərgilməyə sövq edib.
Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Ermənistanın KTMT-yə baş katibliyi dövründə Qarabağla bağlı yeni situasiyanın yaranacağını gözləmək lazım deyil: “Bu, heç də münaqişənin həllinə müsbət təsir etməyəcək. Lakin Ermənistanın KTMT üzvü olması o demək deyil ki, katiblik ona keçərsə, hansısa üstünlük əldə edəcək. Biz aprel hadisələrində də bunun şahidi olduq. Ermənilər dəfələrlə təmas xəttində deyil, məhz sərhəddə təxribat edərək KTMT-dən dəstək almağa çalışırdı, bu da baş tutmadı. Əsas məqam odur ki, KTMT üzvü olan dövlətlər Azərbaycanla normal münasibətdədir və hər hansı gərginliyin artmasında maraqlı deyillər. Eyni zamanda qeyd etmək istərdim ki, KTMT-nin yaradılması öncə Rusiyanın özünü qorumaq və sığortalanması üçün nəzərdə tutulub, Ermənistan isə vasitədir. Qazaxıstan və Belarusun da, eyni zamanda digər üzvlərin də Azərbaycana qarşı siyasətində dəfələrlə loyallığı hiss edilib. Digər dövlətlər də bu məsələdə neytrallıq nümayiş etdirirlər”.
Politoloq hesab edir ki, artıq münaqişənin həllində diktə edən tərəf Azərbaycandır: “Sadəcə olaraq, Ermənistanın güvəndiyi bir Rusiya faktoru var və bundan da yayarlanmağa çalışır. Rusiya, ümumiyyətlə, KTMT-ni ilk növbədə öz mənafeyini qorumağa, imkan qədər silahlı toqquşmaları sərhədlərindən uzaqlaşdırmağa və bufer zonaları yaratmağa çalışır. Bu, Ukraynada, Abxaziyada və s. bölgələrdə belədir. Dağlıq Qarabağın timsalında da ərazi BMT qanunlarına uyğun olaraq Azərbaycanındır və tələb işğalçıların əraziləri tərk etməsi ilə bağlıdır. Bunu bütün beynəlxalq qanunlarla Azərbaycan tələb edə bilər və tam diktə hüququ var”.
Düşmənin “Verba” raket-kompleksi ilə bağlı təhdidlərinə gəldikdə, A.Nağıyev qeyd etdi ki, belə təhdidlər daim olacaq: “Çünki Ermənistanda hakimiyyəti təəssüf ki, yenə müharibə partiyası zəbt edib. Bu isə status-kvonu saxlamaq üçün bir vasitədir. Əsas məqsəd danışıqlardan yayınmaq, mütəmadi olaraq atəşkəsi pozub təxribatlar törətmək və cavab atəşini isə əks tərəfin təxribatı kimi qələmə vermək cəhdləridir. Nəyin bahasına olursa-olsun erməniləri danışıqlar masasına əyləşdirmək lazımdır. Hətta güc tətbiq etməklə bunu məcburi etmək gərəkdir. Zənnimcə, ATƏT-in Minsk Qrupu əsasən bu istiqamətdə işləməlidir. Çünki artıq deklorativ bəyanatlar Azərbaycanı qane etmir. Əks halda, doğrudan da bütün regionu əhatə edə biləcək hərbi müdaxilə təhlükəsi yarana bilər. Bunu hamıdan öncə Rusiya və Ermənistan dərk etməlidir”.

Image result for Arzu Nağıyev
A.Nağıyev də təsdiqləyir ki, Azərbaycan hətta Avrasiya məkanına daxil olsa belə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün olmayacaq: “MDB-də, eyni birlikdə olanda bəyəm bu problem həll edilirmi? Düşünürəm ki, bu, Rusiyanın ortaya atdığı növbəti bəhanədir. Məlumdur ki, Avrasiya İttifaqına üzv olmaq Avropadan siyasi cəhətdən uzaqlaşmaq deməkdir. Azərbaycan müstəqil siyasət yeridir və bu da Rusiyanı razı sala bilməz. Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Rusiyanın Ermənistana təzyiqi ilə həll edilə bilər. Siyasi və iqtisadi bloklarda təmsil edilmələr səbəb deyil, bəhanədir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə dedi ki, ABŞ-ın məşhur “Vaşinqton Tayms” qəzetinin Ermənistanın əldə etdiyi “İsgəndər” raket komplekslərinə mümkün nüvə başlığı quraşdırması ilə bölgədə nüvə müharibəsi təhdidi yaratması yazısına ciddi yanaşır: “Bu cür nüfuzlu qəzetdə Ermənistanın nüvə başlığına malik olması barədə yazı yalnız məqaləni qələmə alan jurnalistin və ya ekspertin təxəyyülü deyil. Bu, lazımi informasiya ilə zəngin beyin mərkəzinin hazırladığı hesabatın tərkib hissəsidir. Ancaq bu yazı heç də o demək deyil ki, Vaşinqtonun Cənubi Qafqazdakı proseslərə baxışı radikal surətdə dəyişəcək, Dövlət Departamentinin Azərbaycana dəstəyi və ya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artacaq. Təəssüf ki, Ermənistan Rusiyanın vassalı olsa və bu, Vaşinqtonun xoşuna gəlməsə də, Amerikadakı erməni lobbisinin təsiri altında olan siyasətçilər və mərkəzlər Ağ Evin bu yöndəki siyasətinin dəyişməsinə imkan vermirlər”.

Image result for Elxan Şahinoğlu
Ancaq E.Şahinoğluna görə, buna baxmayaraq, mənə elə gəlir “Vaşinqton Tayms” qəzetində nəşr edilən yazıya Azərbaycan Xarici İşlər Nazirliyi reaksiya verməlidir və bununla əlaqədar olaraq xüsusi bir açıqlama yayınlamalıdır: “Belə bir bəyanatı yayınlamağı həmin məqalədəki bir neçə tezis dikdə edir. Birinci tezis: ”Ermənistan prezidenti Serj Sərkisyanın təhlükəli oyunları səbəbindən tezliklə nüvə partlayışlarının olacağı məkana çevrilə bilər”. İkinci tezis: “Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır”. Üçüncü tezis: “Ermənistan qanunsuz şəkildə Azərbaycanın qərb hissəsində torpaqları işğal edib, azərbaycanlılara qarşı hərbi təcavüz olub, o cümlədən 1992-ci ildə bu ölkənin 600 vətəndaşını kütləvi şəkildə qətlə yetirilib”. “Vaşinqton post” bu tezisləri rəsmi Bakının uzun müddətdir Ermənistan hakimiyyətinə qarşı irəli sürdüyü ittihamların təkrarıdır. Demək, rəsmi Bakının qəzetdəki bu tezisləri əlində rəhbər tutaraq Vaşinqtonun siyasətinə göz gəzdirməsi kimi müraciəti yerində olar. Ermənistanın nüvə başlıqlı raketə malik olması xəbərinə gəldikdə isə biz bu barədə ciddi qərarlar qəbul etməliyik. Nüvə dövlətlərindən hamı çəkinir. Əgər Şimali Koreyanın nüvə silahı olmasaydı, Amerika oranı çoxdan ram etmişdi. Ancaq bu qorxunc ölkənin nüvə silahına malik olması Amerikanın bu ölkəyə hücum etməsi ehtimalını azaldır. Bu vəziyyət Azərbaycan üçün də nümunə olmalıdır. Azərbaycan rəsmiləri bir ara belə bir açıqlama verdilər ki, gələcəkdə ölkədə nüvə elektrik stansiyasının tikintisi araşdırılmalıdır. SSRİ vaxtında Azərbaycanda nüvə elektrik stansiyasının tikintisi planda olub. Hətta tikintinin bünövrəsi də qoyulmaq üzrə idi. Çernobıl qəzası və SSRİ-nin süqutu bu planların üstündən xətt çəkdi. Fikrimcə, nüvə elektrik stansiyasının tikintisi mövzusunu yenidən aktuallaşdırmağa ehtiyac var. Nüvə sözünün özü işğalçıya ciddi mesaj olmalıdır. Bilirəm, ekoloji baxışları olanlar nüvə elektrik stansiyasının tikintisinin qəti əleyhinə çıxacaqlar. Ancaq müzakirələri başlamağa bizə heç nə mane olmur. Hələ bir az irəli getsək nüvə silahı barədə də danışmaq olar. Biz bilmirik Rusiyanın Ermənistandakı hərbi bazalarında nələr var. Oradan bizə təhlükə varsa, bu təhlükədən sığortalanma məsələsini də daima diqqətdə saxlamalıyıq və düşmən bilməlidir ki, onda olan silahdan daha güclüsü Azərbaycanda olacaq və olmalıdır. Bu mənada Azərbaycan nüvə başlıqlı raketlərə malik olmalıdır”.