“Azərbaycan Ermənistanın daima problemlər içərisində qalmasını təmin etməlidir”

65

“Ermənilər Ermənistanın subyektivliyinin qaldırılmasından danışırlar. Məlum olduğu kimi, erməni cəmiyyəti elə durumdadır ki, “Ermənistan nə etməlidir?” sualı onların əsas müzakirə mövzusudur”.

Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib:

“Subyektivliyin artırılması deyəndə, ermənilər müharibədən sonra Ermənistanın düşdüyü durumdan çıxmaq üçün müxtəlif sahələrdə, o cümlədən, diplomatiya, siyasət, iqtisadiyyat, imic, sərhəd, hərbidə dəyişiklik edilməsini, aktivliyin artırılmasını nəzərdə tuturlar.
Başlıca fikir budur ki: “Ermənistan elə etməlidir ki, ən azı onunla hesablaşsınlar. Təbii ki, bu, bərabər tərəflər şəklində ola bilməz, aydındır ki, bu, belə deyil.
Elə etməliyik ki, danışıq masasında təkcə Azərbaycanın kartı yox, Ermənistanın da kartı olsun. Elə olmasın ki, səndən nəsə tələb edirlər, sən “qürurla” yox deyirsən. Sonra hansısa dəstə harasa girir, kimisə öldürür, güllə atır və sən də bundan sonra məcbur razı olursan. Belə olmasın deyə sənin resursların olmalıdır və bu resursları artırmaq lazımdır. “
Azərbaycan tərəfi Ermənistanın daima problemlər içərisində qalmasını təmin etməlidir. Ermənistanın resursları ilə Azərbaycanın resurslarının fərqini müqayisə etməyə ehtiyac olmasa da, müasir dünyada ərazicə kiçik, təbii resurslar baxımından kasıb, amma çox inkişaf etmiş ölkələr də olduğunu unutmaq olmaz. Ermənistanın hansısa yollasa inkişaf edib, Azərbaycandan iqtisadi cəhətdən güclü olacağı bir ehtimalın mümkün olması gerçəyinə ehtimal verməsək də, düşməni həfifə almamaq lazımdır. Müasir dünyada informasiya kommunikasiyaları sahəsi, elmi ixtiralar sahəsi, müxtəlif iri şirkətlərin ölkədə filiallarının açılması və s. amillər ölkənin qəfil inkişafını şərtləndirir ki, Azərbaycan bunları nəzərə almalıdır”.

Yeganə