“Azərbaycan-Ermənistan sərhəddi şərtidir”

42

” “Azərbaycan Ermənistan ərazisinə təcavüz edib” iddiasının Paşinyandan sonra bəzi azərbaycanlıların da tirajlaması məsələnin mahiyyətinin nədən ibarət olduğunu aktuallaşdırır”.

“İrəli sürülən “arqument”lərdən biri belədir ki, hər iki ölkənin hazırki ərazisi və sərhədləri BMT-yə daxil olanda tanınıb. Son döyüşlərin getdiyi ərazilər də Ermənistana məxsusdur. Bəs, əslində necədir?
Birincisi, Azərbaycan və Ermənistan 1992-ci ildə BMT-yə daxil olanda Qarabağda müharibə gedirdi və iki ölkə arasındakı sərhəd müəyyən edilməmişdi: Paşinyan iddia edir ki, MDB-yə üzv olanda tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyıb, halbuki, Azərbaycan 1991-ci ildə MDB-yə daxil olmağa razılaşsa da, parlament bunu 1993-cü ildə ratifikasiya edib;
İkincisi, iki ölkə arasında sərhədin delimitasiya edilməməsi həmin ərazilərin kimə məxsus olduğunu da şübhələndirir: Fransanın istəyi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda üzv ölkələrin yekdil mövqeyi sərhədin delimitasiya olunması haqda oldu; “Azərbaycanı Ermənistana hücum etməkdə” ittiham edən Qərb də reallığı qəbul edir;
Üçüncüsü, Naxçıvanın Kərki, o cümlədən, Qazaxın 7 kəndi erməni işğalı altında qalmağa davam edir: Paşinyanın özü belə bu kəndlərin hüquqi statusunun mübahisəli olduğunu bəyan edib, o zaman, hansı sərhəddən, yaxud “Ermənistan ərazisindən” bəhs edilə bilər?!
Dördüncüsü, SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana verilən ərazilərimizin taleyi hələ də sual altındadır: bu, sərhədin hansı ilin xəritəsinə uyğun müəyyən edilməsi prosesində müəyyənləşəcək;
Beşincisi, 30 illik işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkmişdi: müharibədən sonra bir neçə istiqamətdə bu sərhəd bərpa olunub, lakin proses başa çatmayıb;
Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi şərtidir və delimitasiya-demarkasiya olmadığı müddətdə bu ərazilərin kimə məxsus olduğu da sual altındadır.
Bu gün bir-birinə qarşı ərazi iddiası olmayan, lakin sərhədlə bağlı problemlər yaşayan onlarla ölkəni nümunə göstərmək olar.

Azərbaycan və Gürcüstan arasında münaqişə yoxdur, ərazi bütövlüyü qarşılıqlı olaraq tanınır, lakin Keşikçi dağı məbədi ilə bağlı məsələ hələ də açıq qalıb: iki ölkə sərhədin bu istiqamətində delimitasiyanı həyata keçirdikdən sonra parlamentlər ratifikasiya etməli, daha sonra BMT-yə təqdim edilməlidir;

Ermənistan və Gürcüstan arasında da sərhədin müəyyən hissələrinin delimitasiyası problemi qalır;

Hazırda toqquşmaların yaşandığı Qırğızıstan və Tacikistanın da əsas problemi sərhədin müəyyən edilməməsidir: bu ölkələr də Azərbaycan və Ermənistan kimi SSRİ dağılanda BMT-yə üzv olublar, hər iki ölkə MDB-yə birgə daxil olublar;
Azərbaycan Ermənistana hücum etməyib, döyüşlər kimə məxsus olduğu hələ rəsmi şəkildə müəyyən edilməyən ərazilərdə baş verib. Və çox təəssüf ki, bu məsələni izah etmək məcburiyyətini yaradan azərbaycanlılar var”.

Şayəstə