“Qazağın Əskipara kəndində ermənilər atəşkəsi pozmaqla təxribatçı addımlar atıblar. Onlar bu cür təxribatçı addımlara daha əvvəldə əl atıblar. Məsələn, Xocavənddə bu cür təxribatla 4 hərbiçimizi qətlə yetiriblər. Bütün bu cür əməllərin qarşısını Azərbaycan ordusu qətiyyətlə alıb və cinayətkar şəxsləri məsuliyyətə cəlb edib. Burada bir maraqlı məqam da ondan ibarətdir ki, Ermənistan rəhbərliyi bu insidentlərdə əlinin olduğunu qəbul etmir və bəyan edir ki, bu təxribat hökumət tərəfindən tapşırılmayıb”. Bunu SİA-ya açıqlmasında Beynəlxalq Hüquq professoru, politoloq Fərhad Mehdiyev deyib.
Politoloqun sözlərinə görə, belə olan halda müharibə qanunlarına görə, əgər hərbiçilər heç bir komandanlığa tabe deyilsə, nəzarətdən çıxaraq mərkəzi komandanlığın əmirlərinə qarşı gəlirsə onda müharibə qanunlarına əsasən hərbiçilərin qorunması məsələsindən kənarda qalırlar: “Yəni, əgər Ermənistan hökumətinin tapşırığı olmadan, erməni hərbiçiləri Azərbaycan mövqelərinə atəş açırsa, onlar həmin andaca zərərsizləşdirilə bilər. Həmçinin ələ keçirilərsə əsir statusundan belə faydalana bilmirlər. Terrorçu statusu ilə hökm kəsilir”.
F.Mehdiyev vurğulayıb ki, 10 noyabr tarixli razılaşma sülh müqaviləsi deyil, atəşkəs müqaviləsidir: “Atəşkəsi tərəflərdən hər hansı biri pozduqda digər tərəfin dərhal cavab vermək hüququ yaranır. Yəni, Ermənistan tərəfi istər hökumətin tapşırığı ilə, istər hökumətin tapşırığı olmadan atəşkəsi bu şəkildə pozduqda Azərbaycan ordusunun qarşı tərəfə adekvat cavab tədbirləri görmək hüququ yaranır. Düşünürəm ki, Ermənistan tərəfi Qazax rayonunda bu cür təxribatlara əl atmağa yenə davam edəcək. Səbəbinə gəldikdə isə deməliyəm ki, Ermənistan tərəfində hazırda kifayət qədər revanşist qüvvələr var və onlar məğlub olduqlarını qəbul etmək istəmirlər. Əllərinə düşən ilk fürsətdə təxribat törətməyə can atırlar. Bu təxribat da həmin səbəblə törədilmiş təxribatdır. Bunun qarşısının alınmasının yolu isə həmin təxribata əl atmış şəxslər ya məhv edilməli və ya ələ keçirilməlidir”.