Asəf Fərzəliyev: “Qızım üzü üstə düşdüyündən sifəti əzilmişdi; yoldaşımın qolu və ayağı qırılmışdı; ancaq yerdə qan izi yox idi”
Avqustun 12-də baş verən dəhşətli intihar hadisəsi ilə bağlı müəmmalar mətbuatın gündəmindədir.
Yasamal rayonunda özlərini yaşadıqları binanın doqquzuncu mərtəbəsindən ataraq intihar etdiyi söylənən 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyevanın faciəvi şəkildə ölməsi, hadisənin bəzi detalları insanlarda şübhələrə yol açıb.
İntihar hadisəsi baş verən zaman evdə 3 nəfər ailə üzvünün olması və mərhumların yıxıldığı yerdə qan izinin olmaması hadisənin intihar deyil, qətl olması ilə bağlı qorxunc ehtimalların səslənməsinə də səbəb olub.
Yeni Yasamal 2, bina 10 ünvanında baş verən hadisənin təfərrüatlarını öyrənmək,
yayılan söz-söhbətə aydınlıq gətirmək üçün bu gün yenidən hadisə yerinə baş çəkdik, intihar edən şəxslərin ailə üzvləri ilə danışdıq.
Ailə başçısının sözlərində təzadlı faktlar
Fərziyevlər ailəsinin yaşadığı binanın yaxınlığında yerləşən mərasim evində mərhum ana və qızının yas mərasimi keçirilir. Ailə başçısı Asəf Fərzəliyev jurnalist olduğumuzu biləndə əvvəlcə bu haqda danışmaq istəmir.
Ancaq yaranan şübhələrə aydınlıq gətirmək üçün baş verənləri izah etmək məcburiyyətində qalır: “Səhər saat təxminən 08:30 olardı. Evdə 5 nəfər idik. Qızım, yoldaşım, oğlum, qaynım və mən. İtkin düşmüş qızımı polisə axtarışa vermək üçün yoldaşımdan onun şəklini gətirməsini istədim. Qızım Aytacla yoldaşım qonşu otağa keçdilər. Aradan bir qədər keçəndən sonra oğluma dedim ki, get anandan şəkilləri al, apar surətini çıxartdır, polisə verək. Oğlum anasını otaqda tapa bilməyib, daha sonra pəncərədən aşağı baxanda görüb ki, hər ikisi yerdə qalıblar. Pilləkənlərdən aşağı düşə-düşə təcili yardıma zəng elədim. Yoldaşım arxası üstə, qızım isə üzü üstə yerə düşmüşdülər. Biz çatanda artıq keçinmişdilər” .
Bu yerdə qeyd edək ki, Asəf Fərzəliyevin dedikləri ilə mətbuatda gedən xəbərlər arasında təzadlar var.
Lent.az saytı yazır: ” İntihar edən K.Abbasovanın 14 yaşlı qızı Aytən Fərzəliyeva 4 gün əvvəl itkin düşüb. Qadın 14 yaşlı qızının evdən çıxıb bir daha geri qayıtmaması barədə 2 gün əvvəl polisə müraciət edibmiş”.
A.Fərziyev isə, hadisə baş verən gün polisə müraciət etmək istədiklərini deyir. Buradan belə nəticə çıxır ki, polis iki gün ərzində itkin düşmüş qızı fotosu olmadan axtarırmış.
Niyə qan izi olmayıb?
Mərhumun həyat yoldaşı, iki nəfərin doqquzuncu mərtəbədən düşərək öldüyü yerdə niyə qan izinin olmaması sualına belə cavab verir: “Qızım üzü üstə düşdüyündən sifəti əzilmişdi. Yoldaşımın qolu və ayağı qırılmışdı. Ancaq yerdə qan izi yox idi. Tibbi ekspertiza da təsdiqlədi ki, onlara heç kim toxunmayıb, heç bir kənar zədə olmayıb.”
Bəzi saytlar birinci Kifayət Abbasovanın, sonra isə qızının intihar etdiyini, bəziləri isə əksinə birinci qızın özünü atdığını yazırlar. Ancaq bunun həqiqətdə necə olduğundan ailə başçısı Asəf Fərzəliyev də xəbərsizdir. Bu məsələdə tibbi ekspertiza aparan həkimlər də bir nəticəyə gələ bilməyiblər.
A.Fərzəliyev deyir ki, hadisə baş verən zaman qonşu otaqda olublar, ancaq heç bir səs və ya qışqırıq eşitməyiblər. Ailənin böyük qızı Aytac Fərzəliyevanın yazdığı məktub da bu məsləyə aydınlıq gətirə bilməyib.
İntihardan əvvəlki ailə
Ailə başçısı deyir ki, səhər tezdən hamımız yığışıb qızı necə tapacağımız haqqında danışırdıq: “Qızıma görə narahat olsaq da, yoldaşımla aramda heç bir narazılıq, münaqişə yox idi, əksinə çox fikir elədiyini görüb ona ürək-dirək verirdik. Neçə gün idi ki, gözünə yuxu getmirdi. Deyirdim ki, hamının qızı qaça bilər, buna görə bu qədər özünü üzmə, harada olsa tapılar”.
A. Fərzəliyev deyir ki, kasıb olsalar da, mehriban ailə olublar. Uşaqlar bir-birinə həddən artıq bağlı olub. Nə ailədə, nə də qohum- əqrəba arasında heç vaxt narazılıq yaşanmayıb. Qonşularla da normal münasibətləri olub.
Qonşular nə deyir?
Yas mərasimində mərhumun qonşuları da iştirak edir. Onlardan heç biri intihar anını görməyib. Binanın ikinci mərtəbəsində yaşayan qonşu deyir ki, nəyinsə tappıltı ilə aşağı düşdüyünü eşitdik: “Binanın arxasına həmişə zibil atırdılar.Elə bildik yenə də iri zibil torbasıdır. Bu səsə eyvana çıxdıq və gördük ki, ana və qızı yerdədir. Mən Asəfdən də qabaq düşdüm həyətə. Gördüm ki, mərhumlar hərəkətsiz halda qalıblar. Artıq gec idi, keçinmişdilər. Biz də təəccübləndik ki, necə olub ki, cəsədlərdə heç bir qan izi olmayıb”.
Qeyd edək ki, hadisə baş verən gün Asəf Fərzəliyev Yasamal rayonu 29-cu polis bölməsində və Yasamal rayon prokurorluğunda dindirilib.
Nərgiz Liftiyeva