“Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır” – XİN

78

Xarici İşlər Nazirliyi BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Elchi.az  xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva qafqazinfo-ya məsələ ilə bağlı müsahibə verib:

– Leyla xanım, son zamanlar mətbuatda İspaniyadakı Səfirliyimizlə bağlı silsilə yazılar gedir və bəziləri tərəfindən hətta XİN-ə qarşı bəzi ittihamlar irəli sürülür. Ən çox maraq doğuran məsələlərdən biri məlum qalmaqaldan sonra Anar Məhərrəmovun vəzifəsindən azad edilib-edilməyəcəyi ilə bağlıdır. Bu haqda nə deyə bilərsiniz?

–   Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib, geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir. Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır.

– Yayılan məlumatlara görə İspaniyadakı səfir Anar Məhərrəmovun şəxsi biznesi var, bu doğrudurmu?

–   Bununla bağlı, ilk növbədə, qeyd etmək istərdim ki, bu məsələlər Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunu və Korrupsiyaya qarşı Mübarizə Qanununda öz əksini tapıb. Qeyd olunan hüquqi sənədlərə əsasən, dövlət qulluqçularına dövlət qulluğu ilə əlaqədar müəyyən fəaliyyət məhdudiyyətləri qoyulur və bu sırada dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmamaq qeyd olunur. Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə isə bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar Səfir A.Məhərrəmova ünvanlana bilər.

– Ən çox müzakirə mövzusu olan məsələlərdən biri də İspaniyada keçirilən tədbir ilə bağlı Bakıdan 2 ton ağırlığında diplomatik yükün göndərilməsidir, bu həqiqətə uyğundurmu? Başqa sözlə desək, XİN belə bir yükün diplomatik yük olaraq daşınmasına icazə veribmi?

–  Xarici İşlər Nazirliyi tərəfindən sözügedən məsələ ilə bağlı aparılmış araşdırmaya əsasən, qeyd etmək istərdim ki, bəhs etdiyiniz tədbirlə bağlı XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib.