“Açığı, tarixçi Altay Göyüşovun Azərbaycan ordusunun erməni təxribatlarına cavab verməsini “təcavüz” kimi qələmə verməsinin nədən qaynaqlandığı haqqında fikir söyləməkdə çətinlik çəkirəm. Vətən, millət mövzusunda Altay Göyüşovun bu cür mövqe sərgiləməsini onun vətəninə, millətinə, dövlətinə, boya-başa çatdığı torpağına xəyanət kimi qiymətləndirirəm”.
Elchi.az xəbər verir ki, bu fikirləri Publika.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Əli Həziquliyev deyib.
BAXCP-nin sədr müavini bildirib ki, bəlkə də Altay Göyüşov erməni lobbisinin, Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirir:
“Bəlkə də ona görə də açıq mövqe sərgiləyir. Ola bilsin ki, hətta onun qanında, genində müəyyən qarışıqlıq var. Ona görə də bu qarışıqlıq indi baş qaldırıb. Bu məsələ ilə bağlı Azərbaycan ziyalıları qorxmaz və barışmaz mövqe sərgiləməlidirlər. Bu kimi adamları ölkəmizin aktiv ictimi-siyasi təbəqəsi, ziyalıları tənqid etməyə qorxur. Çünki bir fikir səsləndirən kimi xarici təşkilatların maliyyələşdirdiyi ünsürlər, media mənsubları tərəfindən linç olunurlar. Ona görə də bu cür halları tənqid etməyə ziyalılarımız da çəkinir. Düşünürəm ki, Altay Göyüşov və onun kimi düşünənlərə qarşı Azərbaycan ziyalılarının qınaq dolu bir müraciəti olmalıdır. Ona görə ki, növbəti mərhələdə Azərbaycana qarşı bu cür mövqe tutanlar çəkinsinlər, ehtiyat etsinlər. Birmənalı şəkildə ziyalılarımız yığışıb Altay Göyüşovun həmin bəyanatını Vətənə xəyanət adlandırmalıdırlar”.
Qeyd edək ki, Altay Göyüşov əsgərlərimizin şəhid olmasına, hərbi infrastuktura ziyan dəyməsinə səbəb olan Ermənistanın təxribatına cavab olaraq Ordumuzun zərbə endirməsi ilə bağlı yazıb ki, “İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq qınayıram”. Onun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.